"Artıq bəllidir ki, quru sərhədlərinin açılmaması karantinlə faktiki olaraq bağlı deyil".
Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadiçı ekspert Əkrəm Həsənov deyib.
Onun sözlərinə görə, quru sərhədlərinin bağlı olmasının hansısa siyasi və təhlükəsizlik səbəbləri var.
"Hesab edirəm ki, dövlət rəhbərliyi həmin təhlükələri görür. Təbii ki, rəhbərlik bu barədə daha çox məlumatlıdır. Bu məhdudiyyət Azərbaycan vətəndaşlarının ölkədən getmələrinə mane olmaq üçün deyil, yalnız bununla bağlı ola bilər", - deyə o bildirib.
Ekspertin sözlərinə görə, vətəndaşlarımız quru sərhədləri vasitəsi ilə əsasən Türkiyə, Gürcüstan və İrana gedir. Bu da istirahət, tibbi və s. bir sıra məqsədlərlə bağlıdır. Sərhədlərin bağlı olması vətəndaşları bu imkanlardan məhrum edir.
"Ölkə üçün isə mənfi təsirlərin əsas səbəblərindən biri kimi turizmin azalmasını göstərə bilərik. Lakin siyasi və təhlükəsizlik səbəbləri qeyd etdiyimiz məqsədlərdən daha vacibdir", - iqtisadçı qeyd edib.
Əkrəm Həsənov bir daha qeyd edib ki, bu məsələ karantinlə bağlı deyil.
Seymur Bənnayev
Sitat.info