"Bizim qurumlar nəqliyyatı iflic vəziyyətə salırlar" - Elməddin Muradlı

19:00 20 Aprel 2023

Aprelin 28-30-da keçiriləcək "Formula 1" yarışları üçün Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Təxminən bir ay əvvəldən başlayan bu proses bir sıra tıxac problemlərinə gətirib çıxarıb. Şəxsi avtomobillərlə yanaşı ictimai nəqliyyatın da hərəkətinin məhdudlaşdırılması əhali arasında narazılıqlara səbəb olur.

Mövzu ilə bağlı Sitat.info-ya yol-nəqliyyat eksperti Elməddin Muradlı açıqlama verib. 

O bildirib ki, dünən Prezident İlham Əliyev tərəfindən Nəqliyyatın Əlqələndirmə Şurası yaradıldı: "Düşünürəm ki, bu şuranın fəaliyyətindən sonra Bakıda, eləcə də respublikanın digər ərazilərində bu kimi neqativ halların qarşısı alınacaq. Aidiyyatı qurumlar "Formula 1" kimi yarışlar başlayan ərəfələrdə, vəyaxud məktəblərin açılmasına az bir zaman qalmış başlayırlar yolları qazıb təmir işləri aparmağa, nəqliyyatın hərəkətini məhdudlaşdırmağa.

Ekspert əlavə edib ki, ​belə neqativ halların baş verməməsi üçün işlər planlı şəkildə görülməlidir. Bəzən qurumların eyni vaxtda yadlarına düşür ki, hər hansı ərazidə işıq xəttinin çəkilməsi, qaz borularının çəkilməsi, yollarda təmir işləri və s. hər hansı bir iş aparılmalıdır. Beləliklə nəqliyyatın hərəkətini iflic vəziyyətə salırlar. Əsas problem budur. 

"Təkcə Bayıl qəsəbəsində 8-ci polis bölməsinin yaxınlığında iki alternatif küçə var. Neftçilər prospekti bağlı olanda sürücülər köhnə Bayıl dairəsində yerləşən "16 mərtəbəli bina" adlanan yerdən qalxırlar Ziya Yusifzadə və ya Əlibəyov qardaşları küçəsinə. Oradan  Dövlət Dəniz Agentliyinin qarşısından dağüstü park tərəfdən keçərək Nazirlər Kabineti, Şəhidlər xiyabanını, içərişəhər metrostansiyası istiqamətində rahat hərəkət edirlər. Təsəvvür edin ki, "Formula 1" yarışları səbəbi ilə bir sıra məhdudiyyətlər tətbiq olunur, sürücülər həmin küçərələrə üstünlük verir və nəticədə gəlib görürlər ki, "16 mərtəbəli bina" deyilən ərazinin yanındakı yolu hər hansı bir tikinti şirkəti qazıb, digər tərəfdə Azərsu qazıntı işləri aparır. Yol iflic vəziyyətindədir. Bir sıra avtomobillər məlumdur ki, artıq həmin küçələrə girə bilmirlər", - Elməddin Muradlı deyib.

Ekspert qeyd edib ki, bu kimi məsuliyyətsiz qurumları sərt mövqe nümayiş etdirib cəzalandırmaq lazımdır. Onlara göstərmək lazımdır ki, bu özbaşınalıqlar cavabsız qalmır. İndiyə qədər cavabsız qalıb deyə hər il bu əməlləri davam etdirirlər. Bunun üçün nəqliyyatın vahid bir mərkəzdən idarə edilməsi, yol şəbəkəsi, yollarda təmir işləri və s. lazımdır. Ümid edirik ki, Nəqliyyatın Əlqələndirmə Şurasının fəaliyyətinin nəticələri yaxşı olacaq.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti