"İşğaldan azad olunmuş ərazilərdə tezliklə məskunlaşmaq istəyiriksə mina məsələsinə xüsusi diqqət ayırmalıyıq".
Bu sözləri Sitat.info-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib.
O bildirib ki, 30 il ərzində ərazilərimizin minalanması həyata keçirilib. Dünyanın bütün ölkələrində mina məsələsi çox ciddi bir problemdir. Ona görə BMT insan əleyhinə minaların istifadəsini qadağan edən beynəlxalq hüquq norması müəyyən edib.
ADP sədri mina probleminin həlli məsələsinə aydınlıq gətirib: "Ermənistan Azərbaycana minalarla bağlı açıq-aydın bir xəritə verməyib. Mina probleminin həlli yolları budur ki, Türkiyədən Azərbaycana minaların neytrallaşdırılması üçün verilən cihazların sayını artırmalıyıq. Müxtəlif ölkələrin mina təmizləmək üçün mütəxəssisləri var. Onlarla müqavilə bağlayıb Azərbaycanda minaların təmizlənməsi işini həyata keçirmək lazımdır".
"İşğaldan azad olunmuş ərazilərdə tezliklə məskunlaşmaq istəyiriksə mina məsələsinə xüsusi diqqət ayırmalıyıq. Lazım olan texnikaların sayı artırılmalıdır. Ayrı-ayrı ölkələrlə qarşılıqlı müqavilə çərçivəsində mütəxəssislər gətirib bu problemi aradan qaldırmalıyıq", - o qeyd edib.
Sərdar Cəlaloğlu xatırladıb ki, bu yaxınlarda "Yaşma" yaşayış ərazisində mina partlaması nəticəsində 2 nəfər həlak oldu, 1 nəfər isə yaralandı. Bu hadisədən də göründüyü kimi hətta müharibə zonasından kənarda da minalar var. Ona görə də hesab edirəm ki bu problemlə ciddi şəkildə məşğul olmaq lazımdır.
Seymur Bənnayev
Sitat.info