Hərbi ekspert: "Sülhməramlı kontingentin kuryerlik etməsi Azərbaycanı dərindən narahat edir"

15:45 24 Aprel 2023

"Son vaxtlarda Ermənistandan Qarabağın rusların müvəqqəti nəzarətində olan ərazilərinə daşınmalar kifayət qədər intensivləşmişdi və bu daşınmalara rus kontingentinin kuryerlik etməsi təbii ki, Azərbaycanı dərindən narahat edirdi". 

Bunu Sitat.info-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. 

Ermənistandan silah-sursat, şəxsi heyət, texnika və digər avadanlıqların daşınmasının Qarabağda mövcud olan Erməni silahlılarının Azərbaycana qarşı müqavimət potensialının gücləndirilməsi məqsədi ilə atılan addımlardan biri olduğunu bildirən hərbi ekspert fikrini belə izah edib: "Son ay ərzində Azərbaycan bu fəaliyyətlərin qarşısının alınması üçün müəyyən addımlar atsa da, Rusiya kontingenti bu fəaliyyətlərdən özü üçün nəticə çıxarmadı. Bunun tam əksi olaraq, dünən Ermənistandan Azərbaycan ərazilərində hansısa sərhəd-keçid məntəqəsinin qoyulması üçün konteynerlərin daşınmasını həyata keçirdi. Buna adekvat olaraq Dövlət Sərhəd Xidmətinin hissə və bölmələri aldıqları tapşırığa əsasən Azərbaycanın suveren ərazilərində Ermənistandan gələrək Laçından Xankəndinə gedən yolun başlanğıcında yerləşən körpü üzərində sərhəd-keçid məntəqəsini inşa etdi. Bu sərhəd-keçid məntəqəsinin inşa edilməsi Ermənistanın Qarabağla əlaqələrini tamamilə nəzarətə götürməyə və bu yolla qeyri-humanitar yüklərin, xüsusilə də silah-sursatın, şəxsi heyətin və digər hərbi təyinatlı məhsulların daşınmasını maksimum dərəcədə məhdudlaşdırmağa imkan verəcək".

Ədalət Verdiyev qeyd edib ki,  Azərbaycan böyük ehtimalla Ermənistanla Qarabağın gələcək əlaqələrini, Azərbaycanın Naxçıvanla əlaqələrini təmin edəcək Zəngəzur dəhlizinin fəaliyyəti ilə sinxron bir şəkildə həyata keçirilməsinə çalışacaq.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti