Natiq Cəfərli Rusiya XİN-in bəyanatına cavab verdi: "Azərbaycan 10 noyabr sazişi ilə idarə olunmur"

16:09 25 Aprel 2023

"23 apreldə Azərbaycan Dövlət Sərhəd Xidmətinin Laçın yolunun girişində, Ermənistanla sərhəddə, Həkəri çayı üzərində sərhəd-keçid məntəqəsi qurması reaksiyalara səbəb olub. Rusiya Xarici işlər Nazirliyindən bu fəaliyyətin Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanan üçtərəfli bəyanata zidd olduğu bildirilib".

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

O bildirib ki, Rusiyanın israrla Azərbaycanın atdığı addımların 10 noyabr sazişinə bağlamaq cəhdlərinin özü-özlüyündə bir absurddur: "Rusiyanın Ukraynadakı vəhşi işğalçı siyasəti bir yana, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatı özü hüquq normalarına ziddir. Çünki Azərbaycan ölkə olaraq 10 noyabr sazişi ilə idarə olunmur. Azərbaycanın Konstitusiyası var, dövlətin qayda-qanunları var, sərhəd-keçid rejimi var. 10 noyabr sazişində hansısa bir müddəanın olmaması  Azərbaycanın bu addımı atmayacağı anlamına gəlmir. Hüquq məntiqi də bunu deyir ki, 10 noyabr sazişində nə yoxdursa, bu Azərbaycan Konstitusiyası və qanunları ilə tənzimlənir. O cümlədən sərhəd-keçid rejimi də Azərbaycan Konstitusiyasının müvafiq maddələrinə və qanunlara görə tənzimlənir".

N.Cəfərli əlavə edib ki, Rusiyanın və ya hansısa başqa bir ölkənin bu proseslə bağlı bəyanat vermələri məntiqsizdir: "Sanki Azərbaycanın 10 noyabr sazişindən başqa heç bir qanun-qaydaları yoxdur. Ümumiyyətlə rus "sülhməramlılarının" 2025-ci ildə ölkədən çıxarılması üçün hər şey etmək lazımdır ki, bu məsələlər kökündən birdəfəlik həllini tapsın".

Seymur Bənnayev,

Sitat.info



Xəbər xətti