"Böyük bir addım atmışıq. Bu addım sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə Azərbaycanın suverenliyinin bərpasında dönüş nöqtəsi ola bilər, olmalıdır. Bunun üçün heç nədən qorxub çəkinməyə dəyməz. Axıra qədər getməliyik".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O bildirib ki, ruslar burada kommersiya məqsədi güdürlər: "Yük maşınlarının daşınması üçün pul alırlar, hər yük maşınından 1000 dollar qazanırlar. Ermənilərə də xaricdən, diaspora təşkilatlarından, qrant layihələrindən pul axıb gəlməkdədir. Bu pullar rus sülhməramlılarına ödənilir və həmin ərazilərin təchizatı həyata keçirilir. Biz istəyirik ki, bu təchizat Azərbaycan tərəfindən həyata keçirilsin, dövlətçiliyin atributları bu təchizat sistemində özünü göstərsin. Azərbaycan mərkəzi hakimiyyətinin səlahiyyətləri burada özünü göstərsin".
Politoloq vurğulayıb ki, artıq Ermənistan rəhbərliyi Qarabağ yükündən qurtulmağa və bunu Rusiya -Azərbaycan məsələsi kimi təqdim etməyə çalışır: Nikol Paşinyan düzgün xətt tutub, sırf Ermənistanın rifahı üçün çalışır. Rusiyaya qarşı sanksiyalar da Ermənistan üçün əlverişli şərait yaradıb. Ruslar kütləvi şəkildə buraya gəlib Ermənistana investisiya yatırırlar".
Nərgiz,
Sitat.info