Natiq Cəfərli: "Vahid Əhmədov fikrini açıq-aydın ifadə edən azsaylı deputatlardandır"

22:16 25 Aprel 2023

"Vahid Əhmədov parlamentdə azsaylı zaman-zaman sosial-iqtisadi məsələlərlə bağlı tənqidi və açıq fikirlərini ifadə edən deputatlardan biridir".

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

Onun sözlərinə görə, ümumiyyətlə deputatların bütün dünyanın hər yerində kürsü toxunulmazlığı deyilən bir anlayış var. Deputatlar dedikləri sözlərə görə cəza almamalıdırlar: "Deputatlar əsasən də proporsional seçki sistemi ilə formalaşan parlamentlərdə o zaman cəza ala bilir ki, təmsil etdiyi partiyanın xəttinə uyğun olmayan fikirlər səsləndirsin. Bu zaman fraksiyalar onları cəzalandıra bilir. Bu dövlət tərəfindən yox, partiyalar tərəfindən cəzalanma mexanizmidir".

Natiq cəfərli bildirib ki, Vahid Əhmədov müstəqil deputatdır. O heç YAP üzvü də deyil. Elə olsa idi YAP xəttinə zidd fikirlər səsləndirdiyi üçün tənqid oluna bilərdi: "Özünü müxalif adlandıran digər bir partiyanın sədri olaraq Fəzail Ağamalının irad bildirməsi də heç anlaşılan deyil".

"Deputatların cəzalandırılması digər dövlətlərdə də var lakin bu cəzalandırılma öz fraksiyası, partiyası tərəfindən aparılır. 

Azərbaycanda müstəqil deputatın bildirdiyi fikrə digər deputatların irad bildirməsi kimi qəribə hadisələr baş verir. Bu anlaşılan da deyil, normal da deyil. Ümumiyyətlə düşünürəm ki, bu, fikir özgürlüyünə qarşı doğru davranış deyil", - ekspert qeyd edib.

Seymur Bənnayev

Sitat.info




Xəbər xətti