Nemət Pənahlı parlamentdəki qalmaqaldan danışdı: "Haqqı danışanın dilini kəsmək..."

19:24 26 Aprel 2023

"Təəsüflər olsun ki, Azərbaycanda aparılan siyasət haqqı görənin gözünü çıxartmaq, danışanın dilini kəsməkdir. Mən Vahid Əhmədovu kifayət qədər tanıyıram. Vahid Əhmədov köhnə kadrlardandır. Barmaqla sayılacaq qədər müəssisə rəhbəri olub ki kollektivi, cəmiyyəti, fəhləni  düşünüb. Və bütün dövrlərdə Vahid Əhmədov öz çəksini, öz sambalını saxlayıb. Təsadüfi deyil ki, Vahid Əhmədova Xalq Cəbhəsi hakimiyyətə gələndə də  toxunmayıblar".

Bu sözləri Sitat.info-ya açıqlamasında AMDP -nin başqanı Nemət Pənahlı deyib.

O bildirib ki, Vahid Əhmədov keçmiş partakrat nümayəndəsi kimi parlamentə deputat təyin olunub: "Mənim bu günlərdə birmənalı şəkildə mövqeyim budur. SSRİ vaxtı bir nəfər belə xalq tərəfindən deputat seçilməyib. Müstəqillik vaxtında da belədir, bir nəfər belə xalqın iradəsi ilə o parlamentə düşməyib. Bunun mən  şahidiyəm. Vahid Əhmədov o zaman SSR-nin saxlanmasının əleyhinə, Azərbaycanın müstəqil olmasının lehinə səs verən deputatlardan biri idi. Yəni Vahid Əhmədovun harada işləməsinə baxmayaraq, o ziyalı kimi özünün intelektual səviyyəsini, vətəninə, millətinə bağlılığını açıq şəkildə göstərib və haqqı deyibdir".

N.Pənahlı vurğuladı ki, V.Əhmədov hər zaman haqqın tərəfdarı olubdur: "Bu ölkədə elə mühit yaranmıyıb ki, insan bütünlükdə xalqa xidmət etsin. Bütünlükdə xalqına xidmət edən adamın nə vəzifəyə, nə də parlamentə buraxılması mümkün deyil. Nə SSR vaxtı buraxmıyıblar, nə də indi buraxmazlar. Amma nisbətlə götürəndə Vahid Əhmədov xalqa ən çox xidmət göstərən və əhalinin problemlərini açıq şəkildə səsləndirən bir deputatdır". 

Səid İsaoğlu,

Sitat.info



Xəbər xətti