"Rusiya sülhməramlıların komandanının dəyişməsi Ermənistanın könlünü almaq üçün idi. Ermənistanda Volkovdan narazılıq var idi ki, guya o, Azərbaycanın atdığı addımlara qarşı adekvat reaksiya vermir, Azərbaycan istədiyini edir. Rusiyanın atdığı addımlar hər iki tərəfdə narazılıq doğurur".
Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, Azərbaycan tərəfinin də çox ciddi sualları var: "Orada 10 minlik terror dəstəsini kim silahlandırıb, sülhməramlılar niyə buna şərait yaradıb. 10 noyabr sazişini hər gün xatırladan Rusiya niyə bu sazişin 4cü bəndinə əməl etmir. Ermənilərin narazılığın artdığını görən Kreml problemin komandanda olduğunu deyir və yeni komandan təyin olundu".
N.Cəfərli hesab edir ki, Rusiya qondarma rejimi tanımaqdan çəkinmir: "İlk andaca yeni komandan Aleksandr Lentsov separatçı rejimin qondarma rəhbəri ilə görüşdü və bunun rəsmi olduğunu bəyan etdi. Bu onu deməyə əsas verir ki, Rusiya defakto qondarma rejimi tanıdığını deyir. Bu rusların ilk belə addımı deyil. Lentsovun gələr-gəlməz ayağının tozu ilə Araik Artunyanın kabinetinə görüşə getmək, qondarma bayrağın və gerbin altında görüş keçirmək, bunu Rusiya media kanallarında yaymaq o deməkdir ki, mən bu qondarma qurumu tanıyıram. Bölgəyə addımını atan kimi Azərbaycanın qanunlarını, Konstitusiyasını heçə saydığını göstərdi".
Nərgiz,
Sitat.info