"Separatçılar sərhəd-keçid məntəqəsində öz davranışlara adekvat olaraq cavablarını alacaqlar" - Politoloq

15:45 28 Aprel 2023

"Laçın-Xankəndi yolunda sərhəd-keçid məntəqəsinin qurulması, Azərbaycan Respublikasının dövlət sərhədinə məzarətin tam bərpa olunması rəsmi Bakının ölkə Konstitusiyasına, BMT Nizamnaməsinə və ATƏT-in Yekun Aktına uyğun olaraq, atdığı addımdır və ölkənin digər sərhəd-keçid məntəqələrində mövcud olan rejimin tədricən sözügedən istiqamətdə də tətbiq olunacağı şübhə doğurmamalıdır".

Bu sözləri Sitat.info-ya  açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib. 

Politoloq bildirib ki, ölkə qanunvericiliyində Azərbaycanın erməni sakinləri və Ermənistan vətəndaşları üçün hansısa xüsus rejimin tətbiqi mümkün deyil: "Azərbaycan Respublikasındakı bütün sərhəd-keçid (buraxılış) məntəqələrinin fəaliyyəti “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşir. Həmin Qanunun 3.1-ci hissəsində qeyd olunur ki, “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd nəzarəti məntəqələri və gömrük idarələri (postları) yaradılır”.  Məlum olduğu kimi, Laçın-Xankəndi yolunda sərhəd-keçid məntəqəsində də sərhəd nəzarəti məntəqəsi və gömrük postu yaradılıb və sözügedən təsisatlar da ölkə qanunvericiliyi çərçivəsində fəaliyyət göstərəcəklər. Yəni, ölkə qanunvericiliyində Azərbaycanın erməni sakinləri və Ermənistan vətəndaşları üçün hansısa xüsus rejimin tətbiqi mümkün deyil. Çünki bu, Konstitusiyamızdakı bərabərlik prinsipini və digər hüquqi-normativ aktlarda yer alan normaları pozur". 

E.Mirzəbəyli əlavə etdi ki, şübhəsiz sərhəd-keçid məntəqəsində nəzarət mexanizmlərinin işə düşməsi Azərbaycan ərazilərindəki separatçıların və Ermənistandakı revanşçı dairələrin, onların himayəçilərinin əl-qolunu bağlayacaq: "Yəni ölkəmizin ərazisinə hərbi təyinatlı yüklərin daxil olunmasına imkan verilməyəcək. Tədricən və müəyyən eilmiş ardıcıllıqla buraxılış rejiminin qanunvericiliyimizdə nəzərdə tutulduğu kimi həyata keçiriləcəyini  düşünürəm. Mövcud hüquqi prosedurların tətbiqi ilə barışmayan separatçılar isə sərgilədikləri davranışlara adekvat olaraq cavablarını alacaqlar".

Nərgiz,

Sitat.info



Xəbər xətti