Bir neçə gündür ki, sərhəd-keçid məntəqəsi qurulub. Bu müddət ərzində bütün pasport, viza, giriş-çıxış problemlərini tamamilə istədiyimiz səviyyəyə, beynəlxalq standartlara uyğun səviyyəyə çatdırmaq mümkün deyil. Ümid edirəm ki, güzəştlər də mümkün ən qısa zamanda başa çatacaq.
Bu sözləri Sitat.info-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, çox mürəkkəb, qəliz və 30 il ərzində həll edə bilmədiyimiz bir problemi iki gün ərzində həll edəcəyimizi düşünənlər dərindən yanılırlar: "Dünənə qədər Ağdamın ətraf kəndlərinə yaxın gedə bilmədiyimiz halda bu gün artıq Şərqi Zəngəzurda ilk dəfə olaraq Ermənistanla sərhədimizi bağlamışıq. Bunun qürurunu yaşamalıyıq. Əmin olmalıyıq ki, dövlət də təyin olunmuş prosedurları ən qısa zamanda tətbiq etmək üçün əlindən gələn bütün tədbirləri görür".
Hərbi ekspert qeyd edib ki, Azərbaycanın razılığı olmadan nə Ermənistan rəsmiləri, nə də seperatçılar əvvəlki kimi rahatlıqla Qarabağa girib girib-çıxa, Ermənistana və yaxud da digər ölkələrə gedib-gələ biləcəklər: " Bütün bunlar Azərbaycan qanunvericiliyinə uyğun şəkildə tənzimlənəcək. Azərbaycana qarşı cinayət törədən şəxslərin və beynəlxalq axtarışa verilən seperatçıların nəzarət-buraxılış məntəqələrində yoxlanılması və həbs olunması normal haldır. Bu digər sərhəd-keçid məntəqələrində də tətbiq olunan bir prosedurdur. Burada axtarışda olan həmin şəxslərin milliyəti və ya dini mənsubiyyəti heç bir məna kəsb etmir. Əgər axtarışda olan şəxslərdirsə onların yeri həbsxanadır. Yaxın zamanda sərhədçilərimizin seperatçıları saxlayaraq hüquq-mühafizə orqanlarına təhvil verməklərinin də şahidi olacağımıza heç bir şübhəm yoxdur".
Ə.Verdiyev qeyd edib ki, Azərbaycanın əsas məqsədi sərhəd-keçid məntəqəsinin ən sərt şərtlər ilə tətbiq edilməsindən ibarət deyil. Bu gün əsas məqsədimiz Ermənistan və Fransanın Azərbaycanın guya Qarabağı mühasirədə saxlaması barədə yaydığı yalan məlumatları alt-üst etməkdir: "Bu proseslər fonunda təbii ki, Qarabağda rusların müvəqqəti nəzarətində olan Qarabağ iqtisadi rayonundakı erməni silahlılarının təminat və təchizatında çox ciddi problemlər yaranacaq və nəticə etibarilə Azərbaycan tərəfinin erməni silahlılarının ərazidən təmizlənməsi prosesini daha da sürətləndirəcək".
Seymur Bənnayev
Sitat.info