Xankəndi erməniləri seçim qarşısında: Qarabağı tərk etməyənlər buna hazırlaşırlar...

16:30 1 May 2023

"Artıq Laçın rayonunda, Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan sərhədçiləri nəzarət-buraxılış məntəqəsinin işini təmin ediblər və fəaliyyətə başlayıblar.  İndi ermənilər sərhəd buraxılış məntəqəsini keçərkən pasportlarını təqdim edirlər. Bu hadisələrin əhəmiyyəti odur ki, məhz eyni istiqamətdən, Ermənistandan silahlı qruplaşmalar və birləşmələr silah-sursat, minalar və digər hərbi təyinatlı yüklər Qarabağa nəzarətsiz daxil olurdu".

Bu sözləri Sitat.info-ya açıqlamasında deputat Elman Nəsirov deyib.

O vurğulayıb ki, hal-hazırda həmin prosesin qarşısı alınıb və sözün həqiqi mənasında bu Azərbaycanın qazandığı növbəti tarixi uğurdur: "Və bu uğurlar bir- biri ilə məntiqi şəkildə bağlıdır. Çox zaman keçməz ki, Xankəndində də prezidentimizin söylədiyi kimi Azərbaycan bayrağı dalğalanar. Bu sırf zaman məsələsidir. Eyni zamanda növbəti  addımlar o ola bilər ki, bir müddət sonra Qarabağda yaşayan ermənilərin siyahıya alınma prosesi həyata keçirilsin. Siyahıya Azərbaycan vətəndaşlığını qəbul edənlər daxil ediləcək,  ermənlərin Azərbaycana renteqrasiya etməsi öz həllini tapacaq. Kimlər Azərbaycan vətəndaşlığını qəbul etmək istəmirsə, prezdentimizin söylədiyi kimi özlərinə başqa məkan axtarsınlar. Başqa yerdə yaşasınlar. Amma kimlər ki, Azərbaycanda yaşamaq istəyir, onlar Azəraycan vətəndaşlığını qəbul etməlidir. Bu aksiomdur. Bunun xüsusi isbata ehtiyacı yoxdur".

Deputatın  vurğuladı ki, ermənilər konkret 2 seçim qarşısında qalacaqlar: "Azərbaycan sərhəd qoşunlarının Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd -buraxılış nəzarət məntəqəsi açmasından sonra Qarabağda yaşayan ermənilər öz dəqiq seçimlərini edəcəklər və biləcəklər ki, ya Azərbaycan, ya da xarici ölkənin vətəndaşlığı... Başqa alternativ yoxdur. Kimlər ki, Qarabağı tərk etməyəcək, bu o deməkdir ki, onlar Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırlaşırlar. Kimlər ki, əks yolu tutublar onlar ya Ermənistana, ya da başqa ölkəyə üz tutub gedə bilərlər". 
 

Səid İsaoğlu,
Sitat.info



Xəbər xətti