BMT: Sudanda 13 milyon dollarlıq ərzaq yardımı talan edilib

12:49 5 May 2023

Birləşmiş Millətlər Təşkilatına bağlı Ümumdünya Ərzaq Proqramı (ÜƏP) ötən ay münaqişələrin yenidən başladığı Sudanda 13 milyon dollarlıq ərzaq yardımının talan edildiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, ÜƏP Sudan direktoru Eddi Rowe Reuters agentliyinə verdiyi açıqlamada hər gün yağma xəbərləri aldıqlarını ifadə edərək: "Bu günə qədər 17 min ton yardımın talan edildiyini təxmin edirik. Bunlardan bəzilərianbarlarımızdan, bəziləri də yolda talan edilib".

BMT-nin Təcili Yardım Direktoru Martin Griffiths bir gün əvvəl Sudanda döyüşən tərəfləri humanitar yardım və personal üçün təhlükəsiz dəhlizlərin yaradılmasına icazə verməyə çağırıb.

BMT-nin məlumatına görə, Sudanda münaqişənin bərpasından sonra 100 minə yaxın insan qonşu ölkələrə sığınıb. Ölkənin üçdə birinin ərzaq yardımından asılı yaşadığı təxmin edilir.

Sudan üçün təcili yardımın çatdırılmasına ehtiyac olduğunu bildirən Rowe: "Biz artıq donorlarla əlaqə saxlamışıq. Hələ nisbətən təhlükəsiz dəhlizlər varkən yardımı çatdırmalıyıq. İndi yardım çatdıra bilməsək, iki-üç aydan sonra ehtiyatlarımız tükənəcək", - deyə qeyd edib.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Təşkilatı (UNICEF) də Sudanın böyük bir fəlakətə doğru getdiyi barədə xəbərdarlıq edib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti