Tramp: ABŞ üçüncü dünya ölkəsi olacaq

20:21 5 May 2023

ABŞ-ın keçmiş prezidenti Donald Tramp onun rəhbərliyi dövründə "COVID-19" epidemiyası səbəbindən qüvvəyə minən və sığınacaq axtaranların geri qaytarılması üçün istifadə edilən “Maddə 42” adlı hüquqi tənzimləmədən sonra ABŞ-ın “üçüncü dünya ölkəsi” olacağını irəli sürüb.

Sitat.info xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp özünün “TruthSocial” sosial şəbəkəsində 42-ci maddənin müddətinin mayın 11-də başa çatması ilə bağlı paylaşım edib.

Müvafiq tənzimləmənin gələn həftə bitəcəyini bildirən Tramp: "Bu tarix biabırçı şəkildə tarixə düşəcək. Sərhədlərimiz tamamilə dağılacaq. Rəsmi olaraq üçüncü dünya ölkəsi olacağıq",- deyib.

ABŞ Daxili Təhlükəsizlik Departamenti 42-ci maddənin müddətinin başa çatması ilə əlaqədar daxili immiqrasiya orqanlarına dəstək vermək üçün ölkənin cənub sərhəddinə 1500 hərbçi yerləşdirəcəyini açıqlayıb.

Trump administrasiyası tərəfindən 2020-ci ildə qüvvəyə minən ictimai səhiyyə qanununun bir hissəsini təşkil edən "Maddə 42" tənzimləməsi, qeyri-qanuni immiqrantları deportasiya etmək üçün istifadə edilirdi.

ABŞ-dakı hazırkı Co Bayden administrasiyası da "insani sığınacaq sistemi" yaratmaq vədi ilə təcrübəni davam etdirmək qərarına gəlib.

Respublikaçılar Bayden administrasiyasını qeyri-qanuni immiqrasiya, insan və narkotik alveri kimi məsələlərdə adekvat tədbirlər görməməkdə günahlandırır, bəzi demokratlar isə Baydenin yeni siyasətini “anti-immiqrant” olmaqda ittiham edir.

ABŞ Sərhəd Patrulunun paylaşdığı məlumata görə, qeyri-qanuni mühacirlərin əksəriyyəti "COVID-19"un yayılmasının qarşısını almaq üçün qanun çərçivəsində 2 saatdan az müddətdə deportasiya edilir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti