Mail.ru, Vkontakte və Odnoklassniki iflas olma təhlükəsi ilə üzləşib: İT sektorunda işsizlər ordusu...

12:16 16 Mart 2022

"Rusiyanın əvvəllər Mail.ru Group kimi tanınan VK Holdinqi ("Vkontakte" , " Odnoklassniki ", Mail.ru, M.Games və s. servislər daxildir) qiymətli kağızların sahiblərinə ödəniş edə bilmədiyi üçün texniki defoltla üzləşib.

Holdinqin London Fond Birjasında fəaliyyəti Rusiyaya tətbiq edilən sanksiyalar çərçivəsində 3 mart tarixdən dayandırılıb və hazırda onun bütün öhdəlikləri ödəyə biləcək maliyyə vəsaiti yoxdur".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. 

Onun sözlərinə görə, istiqraz sahibləri onlara olan bütün borcların vaxtından əvvəl ödənilməsini tələb etsələr, VK-nın bunun üçün kifayət qədər pulu olmaya bilər ki, bu da texniki defoltla nəticələnəcək: "Xatırladıram ki, VK Holdinqin rəhbəri Vladimir Kiriyenkodur (Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkonun oğludur), hansı ki, onun özünə də sanksiya tətbiq edilib. Eyni zamanda, Amerikanın NASDAQ birjasında Rusiyanın məşhur internet mağazası Ozon.ru və Nyu-York Fond Birjasında da Yandex (1.2 milyard dollar) şirkəti də eyni problemlə üzləşib. Beləliklə, Rusiyanın rəqəmsal mühiti çökmək üzrədir, bir yandan xarici texnoloji şirkətlər Rusiya bazarını tərk edib, digər tərəfdən də Rusiyanın özünün rəqəmsal şirkətləri iflasla üzləşib".

Nə qədər tab gətirə biləcəklər, ümumiyyətlə, tab gətirə biləcəklərmi?

O.Gündüz hesab edir ki, bunu da zaman göstərəcək: "Artıq Rusiyadan xeyli sayda İT şirkətlər və İT mütəxəssislər də iş üçün, miqrasiya üçün bizim İT sektora müraciətlər etməkdədir".



Xəbər xətti