BMT: İsrailin Qəzzaya hücumları zamanı dinc əhalinin öldürülməsi qəbuledilməzdir

15:49 9 May 2023

Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin mühasirədə olan Qəzza zolağına endirdiyi, aralarında uşaq və qadınların da olduğu 13 fələstinlinin ölümünə səbəb olan hava hücumunu pisləyib və bunu qəbuledilməz adlandırıb.

Sitat.info xəbər verir ki, BMT-nin Yaxın Şərq Sülh Prosesi üzrə Xüsusi Koordinatoru Tor Vennesland səhər saatlarında İsrailin Fələstin İslami Cihad Hərəkatı üzvlərini və Qəzza zolağında çoxlu sayda mülki vətəndaşı hədəf alan hava hücumları ilə bağlı yazılı açıqlama verib.

İsrailin hava hücumlarından sonra Qəzzada baş verən hadisələrdən "dərin narahat olduğunu" bildirən Wennesland, 3-ü İslami Cihad üzvü, 1-i həkim, 5-i qadın və 4-ü uşaq olmaqla 13 fələstinlinin həlak olduğunu, 20-dən çox fələstinlinin yaralandığını qeyd edib.

Vennesland: "İsrailin hava hücumlarında mülki insanların həyatını itirməsini qınayıram. Bu qəbuledilməzdir", - deyə bildirib.

BMT-nin Xüsusi Koordinatoru həmçinin deyib: "Mən bütün maraqlı tərəfləri maksimum təmkin nümayiş etdirməyə və gərginliyin qarşısını almağa çağırıram. Hamı üçün dağıdıcı nəticələrə səbəb ola biləcək daha geniş münaqişənin qarşısını almaq üçün bütün tərəflərlə geniş təmasda olmağa davam edirəm".

Qeyd edək ki, İsrail ordusunun səhər saatlarında Qəzzaya endirdiyi hava hücumunda əksəriyyəti uşaq və qadın olan 13 fələstinli həlak olub. Hücumlarda bəziləri ağır olmaqla 20-dən çox fələstinli yaralanıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti