İsrail ordusu çərşənbə axşamından bəri Qəzzada 150-dən çox nöqtəni vurduğunu bildirib

15:35 11 May 2023

İsrail mühasirədə olan Qəzza zolağında 150-dən çox nöqtəni hədəf aldığını açıqlayıb.

Sitat.info xəbər verir ki, İsrail ordusundan verilən yazılı açıqlamada səhər saatlarında Kissufim, Kerem Şalom və Qəzza ətrafındakı digər qəsəbələrdə xəbərdarlıq siqnallarının səsləndiyi bildirilib.

Açıqlamada Qəzzadan 10-a yaxın minaatan mərmisinin atıldığı və onlardan ən azı ikisinin Dəmir Qübbə hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirildiyi bildirilib.

İsrail mətbuatının məlumatına görə, səhər saatlarında atılan minaatan mərmilərindən ikisi Eşkol qəsəbəsinə düşsə də, cüzi ziyan vurub.

İsrail ordusu da çərşənbə axşamı səhər saatlarında başladığı hücumlarda Qəzza zolağında 158 nöqtəni vurduğunu açıqlayıb. Qəzzadan İsrailə bu günə qədər 507 raket və minaatan atıldığı bildirilən ordu bəyanatında bunlardan 368-nin İsrail tərəfinə çatdığı, 110-unun isə Qəzzaya düşdüyü paylaşılıb.

Açıqlamada, həmçinin İsrail ordusunun hava hücumundan müdafiə sistemlərinin 95 faizlik zərbə nisbəti ilə 154 raketi zərərsizləşdirdiyi bildirilib.

Qeyd edək ki, İsrail gecə saatlarında İslami Cihadın raket bölməsinə rəhbərlik edən Əli Həsən Qalini hava hücumu ilə öldürüb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti