İncə geri çəkildi: Ərdoğanın qalib gəlmək şansı kifayət qədər böyükdür - ŞƏRH

18:07 11 May 2023

“Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkilərində dörd namizəd mübarizə aparacaqdı. Namizədlərdən biri Məmləkət Partiyasının sədri Məhərrəm İncə idi. Bu gün məlum oldu ki, o, öz namizədliyini geri götürüb, seçkilərdə iştirak etməyəcək. Bu, sözün əsl mənasında çox ciddi müzakirələrə səbəb olub. Ən çox da düşündürən sual budur ki, Məhərrəm İncə məqsədyönlü, planlı şəkildə 14 may seçkilərinə hazırlaşırdı, seçkilərə gedirdi və prezident olmaq niyyətini ortaya qoymuşdu, birdən-birə nə baş verdi ki, o, belə addım atdı? Nəzərə alsaq ki, böyük siyasətdə “birdən-birə” heç nə baş vermir. Deməli, bu hadisənin də konkret motivləri, səbəbləri var. Doğrudanmı Məhərrəm İncə fərqində oldu ki, bu mübarizədə qalib gəlmək şansı, demək olar, yoxdur? Yəni “Ərdoğan və Kılıçdaroğlu kimi əsas rəqiblərin iştirak etdiyi seçkidə İncə nə edə bilər?” sualınamı o, mənfi cavab tapıb? Yoxsa başqa səbəb və motivlər var?”

 

Sitat.info xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elman Nəsirov deyib.

“Ən azı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələ ilə bağlı mövqeyində təəssüfləndiyini bildirib. Təəssüf edir ki, Məhərrəm İncə seçkilərdə iştirakdan çıxmaq niyyətini ortaya qoyub, səbəbləri də hələ məlum deyil. Ərdoğan da bilmir ki, İncə niyə belə bir addım atıb? Görünür ki, Məhərrəm İncə özü də hələ bu günə qədər bu addımının konkret motiv və səbəblərinə aydınlıq gətirməyib. Amma o, Kılıçdaroğlunu da ittiham edib söyləyir ki, trolları vasitəsilə onunla mübarizə aparır. Qeyd edir ki, 20 ildir, Ərdoğan hakimiyyətdədir, Kılıçdaroğlu hər zaman mübarizədə məğlub olub və onun prosesə qatılması Kılıçdaroğluna daha faydalı idi, amma Kılıçdaroğlu öz trolları vasitəsilə onunla mübarizə aparır. Deməli, bu reallıq bəzi qənaətlərə gəlməyə, analizlər aparmağa əsas verir. Məhərrəm İncənin mövqeyindən hasil olan həqiqət budur ki, Kılıçdaroğlu faktiki Məhərrəm İncə ilə mübarizə aparıb, onu tənqid edib və bunu trolları vasitəsilə həyata keçirib, Məhərrəm İncə də bundan çox narazıdır. Demək olar, Kılıçdaroğlu və İncə arasında bir konflikt, ixtilaf yetişib. Belə halda hadisələr necə inkişaf edə bilər? Namizədlərdən biri Məhərrəm İncə Kamal Kılıçdaroğlunu tənqid edirsə, deməli, bu iki şəxsin münasibətləri kifayət qədər gərginləşib. Gərginləşəcəyi təqdirdə Məhərrəm İncə öz tərəfdarlarını Kılıçdaroğlunamı səs verməyə çağırar? Məncə, yox. Əksinə, düşünürəm, o, öz tərəfdarlarını məhz Kılıçdaroğlunun əleyhinə səs verməyə çağıra bilər. Bu cür təhlil aparmaq daha çox mümkündür. Düşünürəm, Prezident Rəcəb Tayyib Ərdoğanın bütün bu reallıqlar fonunda məhz birinci turda - mayın 14-də qalib gəlmək şansı kifayət qədər böyükdür”, - deputat bildirib.



Xəbər xətti