"Rusiya istəmir ki, Azərbaycanla Ermənistan arasında böyük sülh müqaviləsi olsun. Paşinyan da sülh müqaviləsinin olmayacağının anonsunu verdi. Ancaq bu həm də o deməkdir ki, adı sülh sazişi olmasa belə, başqa bir sənəd imzalana bilər".
Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli Sitat.info-ya açıqlamasında Kişinyov görüşündən gözləntiləri şərh edərkən səsləndirib.
O bildirib ki, böyük sülh müqaviləsinin tərkib hissəsi ola biləcək sənədlər toplusu var və onlardan hər hansı biri imzalana bilər: "Məsələn, qarşılıqlı ərazi bütövlüyünün tanınması protokolu imzalana bilər. Paşinyan da bu sözü son həftələrdə 2-3 dəfə təkrarladı. Hətta bunun Ermənistanda qıcıq doğuracağını da bilirdi. Eyni sözü Azərbaycan prezidenti də dedi ki, biz heç vaxt Ermənistanın ərazi bütövlüyünü sual altında qoymuruq və qoymayacağıq. Bunlar sözdə deyildi, daha sonra imzalanması da lazımdır. Kişinyovda bu ola bilər. Şarl Mişel deyib ki, çox böyük gözləntilərimiz var, səbirsizliklə bu dialoqun davamını gözləyirik".
N.Cəfərli bildirdi ki, belə geniş tərkibdə bir görüşün nəticəsiz qalması məntiqsiz olardı: "Görüşdə Şolts və Makron da iştirak edəcək. Azərbaycan bunu Fransanın iştirakını istəmirdi, ancaq Makronun dövlət başçısını təbriki, Azərbaycanın Fransadan Airbus təyyarələrini alması və sair vəziyyəti bir qədər yumşaltdı. Balans yaratmaq üçün Almaniya kansleri də dəvət edilib. Belə bir görüş sadəcə şəkil çəkdirmək üçün olmayacaq. Hansısa bir protokol və ya sənəd imzalanacaq. Əgər ərazi bütövlüyü ilə bağlı bir sənəd imzalanacaqsa, bundan sonra daha iri addımlarla qabağa getmək mümkün olacaq. Ancaq onu da unutmayaq ki, Rusiyaya böyük sülh sazişi lazım deyil deyə istənilən halda təxribatlar edəcək".
Nərgiz,
Sitat.info