"Qarabağda yaşayan erməni icması üç hissədən ibarətdir. Birincisi, Azərbaycan bayrağı altında yaşamağa çalışanlar. Lakin buna imkan verilmir. İkincisi, cinayətkar ünsürlər, hansı ki, müxtəlif qondarma vəzifələrdə əyləşənlər. Üçüncüsü, bu gün oradan qaçıb canını qurtarmaq istəyən şəxslərdir".
Bu sözləri Sitat.info-ya açıqlamasında millət vəkili Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, hər üç qrupa görə Azərbaycan humanitar addımlar atmağa hazırdır: "Kim ki, Azərbaycan bayrağı altında, eyni zamanda Azərbaycan konstitusiyasına uyğun olaraq yaşamaq istəyirsə təbii ki, onların da bu və ya digər şəkildə Azərbaycana qarşı olan cinayət fəaliyyətləri araşdırılmalıdır, bundan sonra onların Azərbaycanda erməni icmasının nümayəndəsi kimi Azərbaycan vətəndaşlığını qəbul edərək yaşamağa haqqları var".
Millət vəkili deyib ki, digər quldur dəstələri isə çalışacaqlar ki, bu seperatizm ideyalarını davam etdirsinlər: "Biz onlara qarşı humanist addımlar atmağı təklif edirik. Daha doğrusu biz bu addımları atırıq. Əgər onlar bununla razılaşmasalar bu ərazidə antiterror əməliyyatlarının keçirilməsi Azərbaycanın hüququdur və biz bu antiterror əməliyyatlarını keçirməklə hansısa beynəlxalq qanunları pozmuruq. Düşünürəm ki, bunun üçün də müəyyən bir vaxt gələcək".
A. Nağıyev qeyd edib ki, bu gün əsas məsələ Azərbaycanla Ermənistan arasında olan danışıqlar və sülh müqaviləsinin imzalanmasıdır: "Bundan sonra Azərbaycan daxilində heç bir beynəlxalq statusları olmadan sadəcə bir icma kimi danışıqlar aparmaq mümkündür. Əgər danışıqlar baş tutmasa onları Azərbaycan bayrağı altına gətirməyə hər cürə imkanımız, gücümüz var".
Millət vəkili açıqlamasında amnistiya məsələsinə də toxunub: "Əgər doğrudan da iddi cinayətlər törədilməyibsə və ya onları zorla hansısa cinayətə təhrik ediliblərsə bu hallara fərdi qaydada baxıla bilər".
Seymur Bənnayev
Sitat.info