Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov deyib ki, Rusiyada üsyan və hərbi qarşıdurma başlaya bilər. O qeyd edib ki, Ukrayna Müdafiə Qüvvələrinin uğurlu əməliyyatları fonunda Moskvada daxili münaqişələrin yaranması mümkündür. A.Yusovun sözlərinə görə “Rusiya Könüllülər Korpusu” və “Rusiyanın Azadlığı” legionunun könüllülərinin fəaliyyəti uğurla davam edir.
Əvvəl də dediyimiz kimi, Belqorod vilayətində keçirilən əməliyyatlar və Moskvaya PUA hücumları fonunda döyüşlər artıq Rusiya ərazisinə keçib. Əlbəttə, bu, Kremli narahat etməmiş deyil.
Britaniya kəşfiyyatı bu günlərdə iddia etmişdi ki, rus komandanlar artıq dilemma qarşısında qalıblar: onlar ya ölkənin sərhədlərinin müdafiəsini gücləndirməli, ya da Ukraynada ələ keçirdikləri mövqeləri qorumalıdırlar. Bu, məntiqlidir. Çünki Rusiya daxilində baş verən hərəkətlənmələr yerli hakimiyyət üçün gözlənilməz idi. Oxşar hücumların bundan sonra da təkrarlana biləcəyi istisna deyil. Odur ki, hakimiyyət, yəqin ki, sərhədlərin təhlükəsizliyini gücləndirməyə diqqət yetirəcək.
Rusiya ərazisinə hücumlar, şübhəsiz ki, hərbi-siyasi elitaya təsir edir. Hücumlar davam edərsə, hakimiyyət daxilində çatlar daha da dərinləşəcək və tərəflər bir-birilərini günahlandırmağa başlayacaqlar. Rusiyaya hücumların “günah keçisi axtarmaq” cəhdləri ilə, həmçinin “casus axtarışı” ilə nəticələnməsi mümkündür. Bunu Ukrayna və ABŞ da başa düşür. Bu nöqteyi-nəzərdən Vaşinqton və Kiyev, yəqin ki, hücumların təkrarlanmasına çalışacaq.
Məlum olduğu kimi, "Vaqner" muzdlu hərbi təşkilatı ilə Rusiya Müdafiə Nazirliyi arasında gərginlik var. Rusiyaya hücumlar fonunda tərəflər arasındakı ziddiyyətin daha da artacağı gözləniləndir. Bu isə Ukraynanın "əlini gücləndirəcək" və əks - hücum əməliyyatlarının daha uğurlu olmasına şərait yaradacaq. Ölkə daxilindəki çaxnaşma ilə əlaqədar olaraq gələcəkdə Rusiya hərbi elitasında islahatların həyata keçirilməsi və ya Kremlin "Vaqner" dən imtina etməsi gözləniləndir.
Beləliklə, görünür, Ukrayna "qalanı daxildən çökdürmək" qərarına gəlib.
Siyasi şərhçi Kənan Novruzov,
xüsusi olaraq Sitat.info üçün