Türk lirəsinin aqibəti necə olacaq? - Natiq Cəfərlinin pronozu

20:07 5 İyun 2023

"Türkiyədəki ciddi məsələlərdən biri də məzənnə məsələsidir. Burada bir sıra təhlükələr var ki, inflyasiya yüksəlir, qiymətlər artır. Lakin məzənnə siyasəti birinci yerdə olmalıdır deyə onu ilahiləşdirmək olmaz".

Bu sözləri Sitat.info-ya açıqlamasında Real partiyasının icraçı katibi Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, Türkiyədə məzənnənin ucuzlaşmasından qazananlar da var, itirənlər də: "Türk lirəsinin daha da dəyərdən düşmə ehtimalı var. Türk lirəsinin yenidən dövriyyəsinin artırılması üçün müəyyən qərarlar ola bilər. Yəni, daha çox pul çap olunacaq və bazara çıxarılacaq. Çünki zəlzələ səbəbi ilə Türkiyəyə milyardlarla vəsait lazımdır. Oradakı təmir-tikinti işləri davam etdirilməlidir".

N. Cəfərli deyib ki, iqtisadiyyatın qanunlarından biridir ki, dövriyyədə pul kütləsi artırsa inflyasiya bir o qədər yüksəlir, məzənnə bir o qədər dolların lehinə işləyir: "Dollar 22, 23 TL-də ola bilər. Lakin bir müddətdən sonra doyumluluq yarancaq. Əgər Türkiyə iqtisadiyyatına güvən artacaqsa, Mehmet Şimşek də doğru addımlar atacaqsa, Mərkəzi Bankla birgə faizlərin artımı ilə bağlı, heç olmasa 2% faiz artımı ilə bağlı qərarlar olacaqsa bu ilin sonunda TL sabitləşə bilər. Hətta bir müddət sonra möhkəmlənməyə də başlaya bilər".

O, açıqlamasında bildirib ki, Rəcəb Tayyib Ərdoğanın da iqdisadiyyatda səhvləri oldu. Onun özü də etiraf etdi ki, səhv addımlar atıb:  "Əsas problem odur ki, 2020-2021-ci illərdə Türkiyə sərhədləri bağladı, gələn-gedən yox, turizm dayandı və hər il turizmdən 40-42 milyard dollar pul qazanan Türkiyə iqtisadiyyatında 2020-ci ildə büdcəyə cəmi 16 milyard, 2021-ci ildə 22 milyard vəsait gəldi. Gəlirlər yarıdan çox azaldı. Bu da normal olaraq iqdisadiyyata ciddi təsir göstərdi".

 

N. Cəfərli qeyd edib ki, Türkiyədə sabitləşməyə bir müddət, heç olmasa 6 ay zamana ehtiyac var. Gələn ildən Türkiyə iqtisadiyyatında daha ciddi müsbət nəticələr görə bilərik.



Xəbər xətti