Müşfiqin qatili: Dəhşət dolu gözləri ilə mənə baxırdı...

11:33 6 İyun 2023

Professor Aida Qasımova repressiya şairi Mikayıl Müşfiqlə bağlı olduqca maraqlı faktlar paylaşıb.

Sitat.info xəbər verir ki, professor Feysbu səhifəsində mərhum yazıçı Əlibala Hacızadə ilə olan xatirələrini yazıb:

“Mən 2004-cü ildə Səudiyyə Ərəbistanının “Əl-Feysəl” jurnalında nəşr olunmuş “Qırmızı terror qurbanları” adlı məqaləm üçün material toplayarkən mərhum yazıçımız Əlibala Hacızadənin Müşfiqlə bağlı söylədiyi bir əhvalatı da o yazıya daxil etmişdim. Həmin yazımı Azərbaycan dilinə çevirmək fikrindəyəm. Hələlik isə Müşfiqlə bağlı bu əhvalatı, Akademiyanın həyətində Əlibala müəllimdən eşitdiyim kimi, Azərbaycan oxucusuna çatdırmaq istərdim. Əlibala Hacızadə demişdi:

“Bir dəfə hələ Sovet dövründə dəniz kənarında dostlarımla bir kafedə oturub yeyib-içir, söhbətləşirdik. Yaxınlıqdakı stolun arxasında həddindən artıq kədərli görkəmi olan bir kişi əyləşmişdi. Qarşısında bir şüşə araq və bir az da kolbasa var idi. Mən öz stolumuzdan ona kabab və bir çox başqa yeməklər göndərdim. O, əli ilə işarə edib məni yanına çağırdı və soruşdu: “Bilirsən mən kiməm?” Dedim: “Yox”. Dedi: “Müşfiqi mən öldürmüşəm”. Sonra o neçə illərdir qəlbini parçalayan bir sirri açırmış kimi dedi: “Həmin gün məni aparıb iki stəkan araq içirtdilər. Sonra məni Müşfiqin olduğu kameraya apardılar. Müşfiq divara söykənib heyrət və dəhşət dolu gözləri ilə mənə baxırdı. Nə qədər çalışsam da, bu gözlərin təsirindən tətiyi çəkə bilmirdim. Mən ona: “Zakroy qlaza!” (Gözlərini yum – red.) – deyə qışqırdım və bütün iradəmi toplayıb tətiyi sıxdım. Müşfiq qan içərisində yerə yıxıldı. Türmə işçisi yaxınlaşıb onun öldüyünə əmin olduqdan sonra divardakı düyməni basdı. Bu zaman Müşfiqin dayandığı yerdə döşəmə aralandı, su şırıltıları eşidildi, Xəzərin suları qana boyandı və Müşfiqi çəkib apardı. O vaxtdan mən Müşfiqin gözlərini unuda bilmirəm”.

Qeyd edək ki, repressiya qurbanı olan Azərbaycanın görkəmli şairi Mikayıl Müşfiq 6 yanvar 1938-ci ildə, 29 yaşında güllələnib.



Xəbər xətti