Deputat həyəcan təbili çaldı: "Ərzaq bazarımızda problemlər yaşanacaq, YOLLAR AXTARILMALIDIR"

14:19 19 Mart 2022

"Ərzaq təhlükəsizliyi ilə bağlı məsələ olduqca ciddi siqnallar ortaya qoyur. Bu ilk növbədə Rusiya və Ukrayna bazarında müharibə nəticəsində  yaranmış vəziyyətlə  bağlıdır. Çünki biz inşaat materiallarının və ərzaq məhsullarının çoxunu oradan alırıq. Ərzaq məhsullarının bir qismini Ukrayna, bir qismini Rusiyadan, Belarusiyadan alırıq. İndi hər üç dövlət müharibəyə cəlb olunduğu üçün burada çox çətin bir vəziyyət yaranıb".

Bu sözləri deputat Fazil Mustafa SİTAT.İNFO-ya açıqlamasında bildirib. 

Onun sözlərinə görə, bu səbəblərdən bizim ərzaq bazarımızda da problemlər yaşanacaq: "Nazirlər Kabineti qərar qəbul etdi, müvafiq məhsulların idxal- ixracı məsələsinin tənzimlənməsinə ehtiyac var. Ümid edirəm ki, biz bu dövrdən çox az itki ilə çıxarıq. Xüsusən də taxılla bağlı müəyyən ehtiyatımız var. Müharibənin yaratdığı şərtlər isə elədir ki, Rusiya və Ukraynadan taxıl ala bilməyəcəyik, Kanadadan bahalı taxıl almaq imkanlarımız məhdud olacaq. Eyni zamanda Qazaxıstandan taxıl idxalı məsələsində də problem yaşanacaq. Çünki Qazaxıstan da müqavilə ilə taxılı ayrı-ayrı ölkələrə satıb, onun pulu da öncədən ödənilib. Bizim oradan bu məhsulları almaq imkanımız məhduddur".

Deputat vurğuladı ki, bütün hallarda yollar axtarılmalıdır: "Bu istiqamətdə daxili bazarın daha çevik işləməsini təmin etməliyik. Bazarda bütün imtiyazları ortadan qaldırıb vətəndaşların təsərrüfatı və istesahlı gücləndirməsi istiqamətində çalışmaların yolunu açmalıyıq. Qapalılığı müəyyən qədər aradan qaldırmalıyıq. Bizi bu vəziyyətdən vətəndaş fəallığı çıxara bilər. Hökumətin fəaliyyətinə də köməklik göstərə bilər. Ona görə də, çətinliklər olacaq, ancaq başqa yolumuz yoxdur. Bizdən asılı olmayan səbəblərə görə belə bir proses başlayıbsa, buna uyğunlaşmalıyıq. Həm daxili bazarımızı qorumalıyıq, idxal-ixrac porosesini doğru tənzimləməliyik, həm də iqtisadi fəallığın ölməsinə imkan verməməliyik".

F.Mustafa vurğuladı ki, bizdə subyektiv maneələr çoxdur, inhisarçılığın yaratdığı problemlər var: "Biz bu məsələləri sürətlə çözməliyik ki, daxili bazarda fəallıq aşağı düşməsin, özümüzü zəruri tələbat malları ilə təmin edə bilək. Biz bir çox məsələlərdə gecikmişik, özümüzün istehsal edə biləcəyimiz məhsulları ayrı-ayrı məmurların marağı ucbatından xaricdən almağa məcbur oluruq, bu sahəni boş buraxmışıq. Müharibə qurtarana qədər, orada sabitlik yaranana qədər bu proseslərin zərbəsini mümkün qədər azaltmalıyıq".

SİTAT.İNFO 



Xəbər xətti