Rubl və lirə dəyərsizləşdi, manatı nə gözləyir?

15:57 9 İyun 2023

Qonşu Rusiya və Türkiyədə milli valyutaları dollara nisbətən dəyər itirməkdədir. Türkiyədə keçirilən seçkidən sonra lirəyə təzyiq artmağa başladı. Hazırda 1 dollar almaq üçün 24 lirəyə yaxın vəsait ödəmək lazımdı. Rubl da dəyərsizləşməkdə davam edir. Son 1 ayda rubl dollara nisbətən 7.0 faizə yaxın dəyərsizləşib.

Hər iki valyutaya təzyiqlər davam edir. Türkiyədə məzənnənin sadəcə orta müddətli dövrdə stabilləşəcəyi gözlənilir. Sanksiyalar isə rublu sıxmaqdadır. Bu baxımdan, Rusiya iqtisadiyyatı ilə bağlı pozitiv olmayan proqnozlar da valyuta bazarına təsirsiz ötüşmür".

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı alim, deputat Vüqar Bayramov deyib. 

O bildirib ki, hər iki ölkə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır: "Rusiya Azərbaycanın ən böyük idxalçı tərəfdaşı və qeyri-neft ixracatında əsas partnyordur. Türkiyə Azərbaycanın ümumi ticarət dövriyyəsində və eləcə də qeyri-neft ixracatında ikinci ən böyük tərəfdaşdır.

Qonşu ölkələrin valyuta bazarlarında baş verənlərin manatın məzənnəsinə təsirlərinə gəldikdə isə, kursun müyyənləşməsində əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Amma xarici tərəfdaşlarımızda milli valyutaların məzənnələri də əslində iqtisadi faktorlardan biridir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur".

İqtisadçı vurğuladı ki, Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib: "Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də bu il manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".

Məğrur,

Sitat.info



Xəbər xətti