Ukrayna əks-hücuma hansı istiqamətlərdən başlamalıdır? Ekspertdən açıqlama

19:05 9 İyun 2023

"Ukrayna cəbhəsində gedən döyüşlər barədə istər Amerika, Avropa mətbuatında, istər Rusiya mətbuatında, istərsə də dünyanın bir çox ölkələrinin mətbuatında verilən məlumatlar tamamilə həqiqəti əks etdirmək imkanına malik deyil".

Bu sözləri Sitat.info-ya açıqlamasında hərbi ekspert Fəhmin Hacıyev deyib. 

Onun sözlərinə görə, Həqiqət ondan ibarətdir ki, Ukrayna həqiqətən də artıq kəşfiyyat xarakterli əks-hücum əməliyyatlarına başlayıb: "Ayın 4-dən etibarən başlayan əməliyyatlar əslində düşmənin mövqelərini yoxlamaq məqsədli, yəni kəşfiyyat xarakterli əməliyyatlardır. Son müddətdə kəşfiyyat əməliyyatları intensivləşib. Nəticə etibarilə məlum oldu ki, Ukrayna cəbhəsi indiki mərhələdə hansı istiqamətlərdə döyüşə girə bilər. Döyüşə girdiyi istiqamətlər, əsasən, Luqansk, Donetsk və Zaporojya istiqamətləridir. Təəssüflər olsun ki, Kaxovka və Krım İstiqamətindən döyüşlər hələ ki, mümkün deyil. Bunun səbəbi isə Kaxovka bəndinin vurulmasıdır. Ruslar burada ən az 1 ay qədər vaxt qazandılar. Onlara cəbhədən bir neçə yüz kilometr kənarda özünü qorumağa şərait yaratdılar".

Hərbi ekspert vurğulayıb ki, Daha əvvəllər də demişdik ki, Ukraynanın döyüş istiqamətləri Melitopol və ətraf əraziləri olmalıdır: "Bu istiqamətlərdən biri də Ukrayna ərazisindəki yaşayış məntəqəsi olan Emrənikənddir. Bura Ukrayna ilə Krım arasında əsas keçid məntəqəsidir. Son iki gün ərzində aparılan əməliyyatlarda alınan məlumatlara görə, Ukrayna Silahlı Qüvvələri Zaporojya istiqamətində təqribən 8-10 kilometr uzunluğu, 100 kilometr eni olan dərinliyə irəliləyə biliblər. Bu, təqribən Berdiyansk, Melitopol, Zaporojya istiqamətlərindəki xəttir ki, bu da nəticə etibarilə Zaporojya istiqamətində sol cinahdan Mariupolun azad olunması, sağ cinahdan isə Melitopolun nəzarətə alınmasını asanlaşdırır. Bu istiqamətlərdən hücum Rusiyanın hərbi qüvvələrini, aviasiya bazasını, hərbi texnikasını nəzarətə götürmək deməkdir. Bununla da Ukrayna Luqansk, Donetsk istiqamətlərində gedən döyüşləri daha effektiv həyata imkanına malik ola bilər".

O qeyd edib ki, bu vaxt ərzində Xerson istiqamətində sular çəkiləcək, artıq torpaq qurumuş olacaq və bundan sonra imkanları genişlənmiş Ukrayna qüvvələri fəaliyyətini daha güclü formada davam etdirəcək.

 F. Hacıyev açıqlamasında bildirib ki, Dnepr çayının sol sahilində 25 kilometr dərinliyə qədər olan məsafə artıq ruslardan təmizlənib: "Lakin oradakı minalar təhlükə yarada bilər. Çünki onların harada basdırıldığı bilinmir, dağlıq ərazidir, bəndin vurulmasına görə su səviyyəsinin qalması səbəbi ilə də su minaları yuyub aparıb. Bütün bunların nəticəsində cənub istiqamətində hücum əməliyyatları geciksə də daha asan variantlar əldə etmək mümkün olacaq".

Ayna Fərhad

Sitat.info

 



Xəbər xətti