Türkiyənin Şuşada Baş Konsulluğunu istənilən zaman açmağa hazırıq.
Sitat.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşü zamanı deyib.
"Əgər Türkiyənin Şuşada Baş Konsulluğu açılarsa, əlbəttə, bu, Ermənistan başda olmaqla bütün dünyaya bir mesaj olacaq", - Türkiyə lideri bildirib.
Sitat.info-ya açıqlamasında bu mövzuya toxunan politoloq Elxan Şahinoğlu qeyd edib ki, Türkiyənin Şuşada konsulluq binasının açılması çoxdankı mövzudur: "Artıq bunu həyata keçirmək lazımdır. Şuşada tikinti işləri də sürətlənib. Yerini müəyyənləşdirib tikintini sürətləndirmək lazımdır. Bu həm Türkiyə -Azərbaycan müttəfiqliyininin ruhuna uyğundur, həm də Azərbaycanın düşmənlərinə, rəqiblərimizə ciddi bir mesajdır ki, Türkiyə Qarabağda mövcudluğunu gücləndirəcək".
Politoloq hesab edir ki, hər dəfə məsələ qaldırmaqdansa artıq bu məsələni reallaşdırmaq zamanıdır: "Şuşa bəyannaməsində də belə bir bənd var idi. Ərdoğan konsulluq məsələsini qabartmaqla o da bu məsələnin həllini istəyir. Biz bu məsələni konkretləşdirib həll etməliyik. Çünki Azərbaycanın milli və təhlükəsizlik maraqlarına cavab verir".
Nərgiz,
Sitat.info