"Danışıqlar masasında Azərbaycan tərəfinin verdiyi açıqlamalarla Ermənistan tərəfinin verdiyi açıqlamalar arasında çox böyük ziddiyyət var. Ziddiyyət odur ki, Azərbaycan tərəfi daha rahatdır və ilk gündən nələri açıqlayıbsa, hbeynəlxalq hüquqa əsaslanan 5 prinsip üzərində necə dayanıbsa, indi də o prinsiplərə uyğun davranmağa çalışır.
Ermənistanın dərdi və problemi nədir? Daxili siyasətdə olan çəkişmələrdə Qarabağ mövzusunun, Azərbaycan- Ermənistan və Ermənistan-Türkiyə münasibətlərinin əsas müzakirə mövzusu olduğunu kənara qoysaq, praktiki olaraq əsas problem odur ki, Ermənistan Rusiyadan çox aslıdır".
Bu sözləri Sitat.info-ya açıqlamasında REAL-ın icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərli deyib.
N.Cəfərli hərbi bazaları, siyasi və iqtisadi məsələləri nəzərə alsaq qeyd edib ki, Ermənistan Rusiyadan çəkinir və Rusiyanın xoşuna gəlməyə çalışır: "Qərbdən də aslılıq yaranıb, çünki Qərbdə Ermənistanla bağlı bəzi investitsiyalar elan edilib, o vəsaitə də çıxış əldə etmək istəyirlər. Azərbaycandan fərqli olaraq Qərbdən də asılılıq yaranıb. İndi problem odur ki, Moskvada danışanda Moskvanın xoşuna gəlməyə çalışırlar, Qərbdə danışanda Qərbin xoşuna gəlməyə çalışırlar. Yənu, bu ikili və qeyri-ciddi danışıqlarının və addımların səbəbi budur, nəticədə Ermənistan tərəfindən danışıqlara ciddi zərbə vurur. Yəni jurnalistlər də, vətəndaşlar da deyirlər ki, Ermənistan mövqeynini tez-tez dəyişir. Səbəbi odur ki, Rusiyadan da qorxur və çəkinir, Qərbdən də dəstək almağa çalışır. Bu ikili arasında qalan Ermənistanın tutarsız tarixi siyasəti davam edir.
Qarabağda rus sülhməramlılarının yerləşdiyi ərazidəki vəziyyətə gəlincə, N.Cəfərli bildirdi ki, orada vəziyyət daha qəlizdir: "Söhbət ondan gedir ki, Xankəndidə erməni qruplaşmalar arasında hakimiyyət uğrunda ciddi savaş gedir. Həm də Rusiya üçün Xankəndi ətrafında vəziyyətin daim gərgin olduğunun tirajlanması önəmlidir. Çünki bu fikir tirajlandıqca Rusiyanın o bölgədə qalmasının vacibliyi tirajlanır. Yəni, Rusiya daim vəziyyəti gərgin saxlamaqla özünün mövcudiyyətinə haqq qazandırmış olur. Özünün o bölgədə uzunmüddətli qalması üçün əsaslar yaratmağa çalışır. Ona görə də danışıqlar zamanı həm Xankəndi ətrafında, həm də Azərbaycanla Ermənistanın indiki sərhəd məntəqələrində gərginliyin olması bir çox belə aspektlərlə bağlıdır".
Səid İsaoğlu,
Sitat.info