"Putinin rublla ticarət aparmaq qərarı Azərbaycana da problem yaradacaq"- Qubad İbadoğlu

19:47 24 Mart 2022

"Hərbi müstəvidə müharibəni uduzan Rusiya ticarət tərəfdaşlarına qarşı "taxıl" silahından, "enerji" silahından istifadə edir. Martın 15-dən taxıl ixracını qadağan etdikdən sonra Putin dünən nefti-qazı rubla satmaq barədə hökümətə 1 həftə ərzində təkliflər hazırlamaq tapşırığı verib. Bildiyiniz kimi, Rusiyanın xarici ticarətdə hesablaşmalarının 55 faizi dollarla, 30 faizi avro ilədir, yerdə qalanı Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri, Türkiyə və Çinlə milli valyuta ilədir. Hazırda Rusiya banklarına dollar satmaq qadağası da mövcuddur. Belə olan halda qısa müddət ərzində ticarət əməliyyatlarında hesablaşmaları zəif rublla aparmaq mümkün deyil. Çünki, rublla yığımı olmayanlar bunu edə bilməyəcəklər".

SİTAT. İNFO xəbər verir ki, bu sözləri iqtisadçı alim Qubad İbadoğlu deyib. Onun sözlərinə görə, bu bir tərəfdən Rusiyanın mallarının satışına, digər tərəfdən də alışına problem yaradacaq: "Düşünürəm ki, Rusiyanın bu qərarı tam işləməyəcək, yalnız MDB çərçivəsində, əsasən də Aİİ ölkələrinə və Çinə münasibətdə qismən icra oluna bilər. Bu da son nəticədə xarici ticarətdə Rusiya və onun enerji daşıyıcılarının alıcısı olan Avropa üçün problemlər yaradacaq. Bu qərar təkrar qiymət artımlarına, qıtlığa səbəb olacaq. Üstəlik də nəzərə alsaq ki, problem yalnız zəif rublda deyil, həm də Rusiya ilə bank əməliyyatlarındadır. 
Bunun Ermənistan üçün problem yaradacağı ilə bağlı iddialara gəlincə, Q.İbadoğlu bildirdi ki, rublla hesablaşma tələbi yalnız təbii qaza deyil, bütün mallara şamil olunacaq: "Beləliklə Azərbaycanla da ticarət əlaqələrində problemlər yaradacaq. Biz də buna hazır olmalıyıq, unutmayaq ki, Rusiya idxalda Azərbaycanın 1 nömrəli tərəfdaşıdır".

SİTAT.İNFO 



Xəbər xətti