Qurbanov "Molde" ilə keçiriləcək oyundan danışdı

16:40 20 Sentyabr 2023

Norveç təmsilçisi çox intizamlı komandadır. Zəif nöqtələri demək düzgün olmaz. Ümumən rəqibi analiz etmişik. "Molde" son vaxtlar bəlkə də meydanda ən intizamlı oyun göstərən rəqiblərdən biridir.

Sitat.info xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində sabah "Molde" ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

“Öz sistemlərini istəklə və düzgün yerinə yetirən komandadır. Bu rəqib meydanda heç bir boşluq verməyi xoşlamır. Sadəcə olaraq, biz maksimum çalışmalıyıq ki, rəqibi səhvə məcbur edək. Onda yaxşı nəticə əldə edə bilərik. Bunun üçün də böyük güc sərf etmək lazımdır”, - baş məşqçi bildirib.

Q.Qurbanov zədədən əziyyət çəkən Bəhlul Mustafazadənin durumu haqda da danışıb:

"Sabah oyuna kimi bir məlumat verilməyəcək. Çünki hələ ağrıları var. Dünəndən bu günə fərq var. Həkimlərlə danışmışıq. Amma fakt olaraq, bugünkü durumu bizi tam qane etmir. Sabah yenə baxacağıq. Məşqdə tam iştirak etdikdən sonra fikir bildirə bilərik. İndiki "Molde"nin futbolçuları daha inamlıdırlar. İlk oyundan sonra daha ətraflı məlumat verə biləcəm".

Q.Qurbanov "Azarkeşlər düşünür ki, "Qarabağ" "Molde"dən qisas almalıdır" fikrinə isə belə münasibət bildirib:

"Qisas fikrilə yanaşsaq, oyunumuza mane ola bilər. Rəqibin kimliyindən asılı olmayaraq, biz bu şansdan istifadə etmək istəyirik. Məqsədimiz minimum Avropa Liqasının qrupuna düşmək idi. Bunu bacardıq. Qarşıdakı oyunlarda istəyirik ki, inamlı nəticə və oyun göstərək. Sadəcə həmişə bu fikirlərdən narahat olmuşam, futbolçulara təsir edə bilər. Azarkeşlərə böyük hörmətlə yanaşmışıq, güvənmişik. Onlar bizdən həmişə uğur tələb edib. Bu da bizə əlavə motivasiya verib. Biz bütün oyunlarda, bütün rəqiblərə qarşı istəkli olsaq da, soyuqqanlı yanaşmalıyıq. İstəyərdik ki, qalib gələk. Bunun üçün bütün gücümüzü meydanda qoyacağıq. Azarkeşlərimizi sevindirmək üçün yaxşı oyun və yaxşı nəticə əldə etmək istəyirik".



Xəbər xətti