"Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə aprelin 6-da Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında sayca ikinci üçtərəfli görüş keçirilib. Mövzular çox olduğundan müzakirə 4 saat çəkib. Liderlərin ortaq bəyanatından çıxış edərək görüşdə bir neçə nəticənin əldə edildiyini söyləmək mümkündür:
Birincisi, tərəflər həll edilməmiş humanitar məsələlərin aradan qaldırılmasının zəruriliyini vurğulayıblar. Bu sıraya Avropa İttifaqının minatəmizləmə, münaqişədə zərər çəkmiş əhaliyə yardım, reabilitasiya və yenidənqurma işlərinə ekspert və maliyyə dəstəyi aiddir. Ermənistan rəsmiləri hər yerdə Azərbaycan əleyhinə “erməni əsirlərin qaytarılması” mövzusunu qaldırırlar. Bunun qarşılığında Azərbaycan rəsmiləri Birinci Qarabağ savaşında minlərlə azərbaycanlı əsirin taleyi mövzusunu gündəmə gətirirlər. Ermənistan bu mövzunun üstündən sükutla keçməyə çalışır".
SİTAT.İNFO xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası məqsədilə aprelin sonuna qədər birgə komissiyanın yaradılması və iclasının keçirilməsi nəzərdə tutulub: "Birgə sərhəd komissiyasının mandatı Ermənistanla Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası, sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətini təmin etməkdən ibarət olacaq.
Üçüncüsü, bəyanata əsasən xarici işlər nazirlərinə bütün zəruri məsələlərin həll olunacağı gələcək sülh müqaviləsinin hazırlanmasını işləyib hazırlamaq tapşırılması qərara alınıb.
Dördüncüsü, liderlər Ermənistanla Azərbaycan arasında, xüsusən də Cənubi Qafqazda kommunikasiya infrastrukturunun bərpasını müzakirə ediblər.
Liderlərin ortaq bəyanatında Minsk Qrupu və Qarabağ haqqında bir cümlə də yoxdur. Bu Azərbaycanın xeyrinədir. Azərbaycan Minsk Qrupu çərçivəsində danışıqlarda maraqlı deyil və müharibədən sonra Qarabağ məsələsiylə beynəlxalq təşkilatların məşğul olmasını istəmir, bu daxili məsələdir. Danışıqların Minsk Qrupu əvəzinə Avropa İttifaqı çərçivəsində aparılması Azərbaycan üçün faydalıdır. Azərbaycanın Avropa İttifaqı və İttifaqa daxil olan ölkələrlə sıx əməkdaşlığı var, Rusiyanın Ukraynada apardığı işğalçı müharibə fonunda Avropanın Azərbaycan neftinə və qazına ehtiyacı artıb. Brüsselin vasitəçiliyə marağını nəzərə alaraq rəsmi Bakının Avropa İttifaqı ilə strateji əməkdaşlıq sazişini imzalanması prosesini sürətləndirməsinə ehtiyac var".
E.Şahinoğlu vurğuladı ki, Brüsseldə vurğulanan bəndlər Azərbaycanın xeyrinədir: " Ancaq bu o demək deyil ki, ortaq bəyanatda göstərilən bəndlər qısa müddətdə yerinə yetiriləcək. Sərhədlərin müəyyənləşməsiylə bağlı danışıqlara başlanılması zərurəti İkinci Qarabağ müharibəsindən sonra bir neçə bəyanatda əks olunub. Buna baxmayaraq, Ermənistan qəbul etdiyi bəyanatlara zidd olaraq prosesi uzadır və buna görə təzyiqlə üzləşmir. Dəhliz məsələsində də irəriləyiş yoxdur. Liderlər birinci dəfə Brüsseldə 2021-ci ilin dekabrın 14-də görüşmüşdülər. O zaman qəbul olunan ortaq bəyanatda dəmiryolunun fəaliyyətinin bərpası ilə bağlı razılıq əldə olunmuşdu. Üstündən 3 aydan çox vaxt keçib və İrəvan heç bir addım atmayıb. Ermənistan prosesi uzatdığına görə Azərbaycan İran üzərindən dəmiryolunun çəkilməsiylə bağlı Tehranla memorandum imzaladı".
Politoloq hesab edir ki,, Avropa İttifaqının vasitəçilik təşəbbüslərində Rusiya amilini də nəzərə almaq lazımdır: "Brüsseldə liderlərin birinci görüşü zamanı Rusiya hələ Ukraynaya hərbi müdaxilə etməmişdi və o zaman Kreml Avropa İttifaqının vasitəçiliyinə bir qədər səbirli yanaşa bilərdi. Ancaq Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan və Avropa İttifaqı Moskvaya qarşı sərt sanksiyalar tətbiq etdikdən sonra Kreml Brüsselin Azərbaycanla Ermənistan arasındakı vasitəçiliyinə mane olmağa çalışacaq. Təsadüfi deyil ki, Nikol Paşinyan Brüsseldə olarkən İrəvanda onun əleyhinə mitinq keçirilirdi. Digər tərəfdən Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanı aprelin 8-də Moskvaya çağırıb. Yəqin Mirzoyandan Brüssel görüşünün detallı hesabatı tələb ediləcək".
Səid İsaoğlu,
SİTAT.İNFO