" İnternetdə problem olduqda adətən istifadəçilər provayderi tapa bilməyib digər aidiyyatı qurumlara müraciət edilər, sosial mediada paylaşımlar edirlər.
Həm də, əslində provayderin kim olması, adı, ünvanı, məsul şəxsi ilə bağlı məlumatsızlıq da bu sahədə problemlər yaradırdı.
Artıq bu hallara son qoymaq üçün sektorun tənzimləyici qurumu İKTA 150 provayderi əhatə edən bir "E-şikayət" (e-complaint.icta.az) sistemi hazırlayıb.
Bütün provayderlərə şikayət və müraciətlər mərkəzləşdirilib , istifadəçi dərhal, real vaxtda müştərisi olduğu provayderi sistemdən tapa və şikayətini ünvanlaya biləcək".
Bu sözləri Sitat.info-ya açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
O bildirib ki, agentlik özü də bu sistem vasitəsilə şikayətləri və ona reaksiyaları, xidmətlərin keyfiyyətini, müştəri məmnuniyyətini izləyə biləcək: "Bunun özü xeyli əhəmiyyət kəsb edir. Provayderlərdə də bir məsuliyyət formalaşacaq ki, tənzimləyici qurum provayderə olan şikayətləri monitorinq edə bilir. Eyni zamanda, İKTA-nın əlində provayderlərdəki vəziyyət və keyfiyyətlə bağlı data formalaşacaq. Bu data əsasında isə qurum daha effektiv qərarlar verə biləcək.
Düşünürəm ki, RİNN-nin bütün ölkə boyu keyfiyyətli internetə əlçatanlıqla bağlı infrastruktur işləri apardığı bir zamanda İKTA-nın istifadəçilərə real vaxtda provayderlərə şikayət və müraciət etmək imkanı yaratması da məntiqli və təqdirəlayiq bir addımdır.
İnanıram ki, internet, mobil internet, telefon rabitəsi ilə bağlı problemlərin tez və daha rahat həlli üçün istifadəçilərə çox köməyi dəyəcək. Bu soistem İnternetin keyfiyyətinin yüksəlməsinə şərait yaradacaq".
O.Gündüz hesab edir ki, İKTA-nın bu sistemdə ictimai nəzarət üçün imkanlar yaratması da faydalı olardı: "Bu sistemə vətəndaş cəmiyyəti, internet ictimaiyyəti və ekspertlər üçün də açıq datalar yerləşdirməsi, vaxtaşırı statistikalar dərc olunması, ən şox şikayət olunan və ən keyfiyyətli, ən yaxşı servisi olan provayderlər haqqında məlumatların açıqlanması da faydalı olardı".
Nərgiz,
Sitat.info