Rusiya Ukraynada tutduğu ərazilərdən bir-bir geri çəkilir. Başqa cür desək, Ukrayna ordusu qələbə qazanır, qəsəbələri bir-bir azad edir. Bəziləri bunu Rusiyanın geri çəkilməsi, danışıqlara zəmin hazırlanması üçün etdiyini düşünsə də, əksəriyyət fərqli düşünür. Hesab edirlər ki, Kreml daha böyük hücuma hazırlaşır, dənizdən və digər istiqamətlərdən. Bəs görəsən, ekspertlər bu mövzuda nə düşünür?
Siyasi şərhçi Əziz Əlibəyli SİTAT.İNFO-ya açıqlamasında bildirdi ki, G7 ölkələrinin birgə bəyanatında açıqlandı ki, beynəlxalq ictimaiyyət kimyəvi, biloji və ya nüvə silahından istifadə etmək ehtimalına qarşı Moskvaya xəbərdarlıq edir. Bu proses onu göstərir ki, Rusiyanın Ukrayna ərazilərini qısa müddətdə işğal edəcəyi planlanılsa da bu, baş tutmadı: "Qərb ilk dəfə Rusiyanın zəif damarından yaxaladığını hiss etdi. Baxın, İstanbul danışıqlarının müsbət nəticəsi kimi rus ordusunun Kiyev vilayətindən tamamilə çıxarılmasına. Burada əsas səbəb odur ki, ordunun mövcud silah arsenalı və hazırlığı ilə, eləcə də xalqın ciddi dirənişi ilə prosesin uğurla yekunlaşmayacağını anladılar və hansısa alternativ varianta keçid etməkdədirlər".
Ə. Əlibəyli vurğuladı ki, Buça soyqırımı, arxasınca Rusiyanın BMT insan haqları şurasından çıxarılmasıyla başlayan proses Rusiyanı gələcəkdə insan haqları məhkəmələrində təzminat ödətməyə yönəlib : "Bu, Rusiyanın sözügedən alternativlərə əl atmasına gətirib çıxara bilər. Moskva kosmik hərbi qüvvələrə malik olmaqla, Zelenskinin bunkerini belə havaya uçuracaq silahlara qadirdir. Buna gedəcəkmi? G7 Rusiyanı sözügedən hipersonik silahlardan istifadəyə səsləməklə növbəti bataqlığa salmağamı çalışır".
Rusiya buna gedəcəkmi?
Şərhçi hesab edir ki, münaqişənin çevrəsi daha da genişlənir: "Bunu zaman göstərəcək. Amma hələ görünən odur ki, münaqişə lokalizasiyadan çıxır, o, daha geniş vasitələrlə davam edəcək. Serbiya, Şimali Koreya, Tayvan, Kəşmir, Yaxın Şərq, Balkanlar, Suriya,İraq və s. potensial münaqişə ocaqlarının işə salınmasını görə bilərik ki, bu masada ən real görünən variantır. Ona görə də dünyanın bölüşdürülməsi yolunda Ukrayna prosesləri çox epizodik görünür".
Nərgiz Liftiyeva,
SİTAT.İNFO