Azərbaycan birdəfəlik ərazi məsələlərinə nida qoymalıdır: "Aİ münaqişə həll etmir"

14:02 8 Aprel 2022

Azərbaycan və Ermənistan liderləri arasında son görüşdə əldə olunan nəticələr xeyli yüksək qiymətləndirilsə də, yenə də əsas məsələ konkret həllini tapmadı. Söhbət Azərbaycan cəmiyyətini ən çox narahat eədn məsələdən, Qarabağdakı erməni silahlılarından gedir. İş o yerə çatıb ki, dövlətin bir ərazisindən digər əraziləri atəşə tutulur. Lakin təhlükəsizliyin təmin olunması mühüm olsa da, hökumət müəyyən səbəblərdən konkret addımlar atmağa tələsmir? 

Bəs bu proses necə həllini tapacaq? İrəvan sülhməramlıların nəzarətində olan ərazilərdə silahlıların sayını artırmaqda  davam edəcəkmi? Münaqişə Azərbaycan -Ermənistan sərhəddindən çıxıb artıq Azərbaycanın daxilinəmi keçir? 

SİTAT.İNFO-ya açıqlamasında bu sualları cavablandıran siyasi şərhçi Əhəd Məmmədli bildirdi ki,  Brüssel görüşü və bu kimi görüşlər bu mənada heç nə həll etmir: "İkinci dünya savaşından sonra siz heç görmüsüz ki, Avropa nəyisə, hansısa ciddi məsələ və ya silahlı münaqişəni həll etsin? Xeyr. Ya ABŞ həlledici rolda çıxış edib ya da keçmiş SSRİ. İndi də vəziyyət oxşardır. Avropanın göbəyində müharibə gedir, tərəfləri dayandırmaq və ya əksinə vəziyyəti qızışdırmaq üçün əsas aktyorlar Türkiyə, ABŞ və B.Britaniyadır".

Ə.Məmmədli qeyd etdi ki, Avropa Birliyi ölkələrı kənardan Ukraynanın dağılmasına seyr edirlər: "Azərbaycan-Ermənistan münaqişəsində isə AB ciddi faktor sayıla bilməz. Çünki konfliktin tərəflərinə təsir mexanizmləri azdır".

Azərbaycana gəldikdə isə Ə.Məmmədli bildirdi ki, görüşün, danışıqların Brüssel, Vaşinqton və ya Moskvada getməsindən asılı olmayaraq bu ilin sonuna qədər kiçik antiterror əməliyyatı ilə qalan əraziləri yurisdiksiyamıza qaytarmalıyıq: "Bu cür antiterror əməliyyatı Bakı-Ankara-Moskva arasında razılaşma ilə də baş verə bilər. Çünki sonra gec olar. Hələlik nə vaxta qədər ki, beynəlxalq müstəvidə münbit şərait var, Azərbaycan birdəfəlik ərazi məsələlərinə nida qoymalıdır. Və bu nidada ilin sonuna qədər qoyulmalıdır !"

Nərgiz LİFTİYEVA

SİTAT.İNFO



Xəbər xətti