Ukrayna Avropa dövlətlərini üz - üzə qoyur- Təhlil

11:49 14 Dekabr 2023

Macarıstanın Baş naziri Viktor Orban hesab edir ki, Avropa İttifaqı (Aİ) Ukrayna ilə üzvlüklə bağlı danışıqlara başlasa, dəhşətli səhvə yol verəcək.

Hökumət başçısı bu barədə Macarıstanın “Mandiner” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu, Aİ daxilindəki birliyi məhv edə bilər.

Baş nazir üzvlüyə alternativ olaraq Ukrayna ilə strateji tərəfdaşlıq sazişinin bağlanmasını təklif edib: “Aİ qarşısı alınmalı olan dəhşətli bir səhv etmək üzrədir”.

Daha əvvəl Ukraynanın xarici işlər naziri Dmitro Kuleba dekabrın 12-də bildirmişdi ki, üzvlüklə bağlı danışıqlara başlamaq barədə Macarıstandan ilk müsbət siqnal alınıb.

D.Kuleba Aİ-nin üzvlüklə bağlı mənfi qərarının dağıdıcı olması ilə xəbərdarlıq etmişdi. Bu ilin noyabr ayında Avropa Komissiyası Ukraynanın Avropa İttifaqına üzvlük yolunda irəliləyiş əldə etməsinə dair hesabat yayıb. Sənəddə Kiyevlə üzvlüklə bağlı danışıqlara başlamaq tövsiyəsi yer alıb.

Kiyevin əsas məqsədlərindən biri məhz Aİ- yə üzvlükdür. Bu, Ukraynanın gələcəyi üçün yeni imkanlar açmaqla yanaşı, həm də əlavə təhlükəsizlik təminatları yarada bilər.  

 Ukrayna Aİ-yə üzvlük üçün uzun müddətdir mübarizə aparır. Bu üzvlük Ukraynaya dəstəyin davamlılığını da təmin edəcək. Amma görünür, üzvlük məsələsi ilə bağlı Aİ-də müəyyən fikir ayrılığı var. Bu, aydın hiss olunur. 

 Aİ liderlərinin dekabrın 14-15-də keçiriləcək iclasında Kiyevin üzvlük məsələsi müzakirə olunacaq. Çox güman, liderlər Ukraynanın üzvlüyünü dəstəkləyəcəklər. Danışıqların başlanması barədə qərar qəbul edilməsi də mümkündür. Amma konkret bir söz deyilməyəcək. Mütləq "əmma" olacaq. Çünki üzvlük məsələsi hazırkı situasiyada daha çox Kiyevi döyüşlərə daha çox təşviq etmək, yəni həvəsləndirmək üçündür. Reallıqda isə Aİ ehtiyatlı davranır. Çünki perspektivdə Ukraynanın Aİ- yə üzvlüyü Avropa ilə Rusiya arasında müharibənin elan olunması olar. Bu, Aİ üçün arzuolunan ssenari deyil.

Ukraynanın üzvlüyü ilə bağlı Aİ-də yekdil qərar yoxdur. Bu mənada həm D. Kulebanın, həm də V. Orbanın sözündə həqiqət var. İstənilən qərar Aİ- daxilində gərginliyə səbəb ola bilər. 

Üzvlükdən birmənalı şəkildə imtina Aİ- nin strateji səhvi olar. Bu, Ukraynada ittifaqa qarşı inamı sarsıdar. Odur ki, loyal, Kiyevin ümidini azaltmayacaq qərar veriləcək.

 Ukraynanın üzvlük məsələsi ilə bağlı gələcəkdə Aİ daxilində fikir ayrılığının daha da artması gözləniləndir. Bu, ittifaq daxilindəki ayrı - ayrı dövlətlərin ikitərəfli münasibətlərində də hiss oluna bilər. Amma proses Aİ- nin parçalanmasına doğru getməz. Çünki söhbət Avropanın təhlükəsizliyindən gedir. Avropa dövlətləri vahid təhlükəyə qarşı birgə mübarizə aparmağa məcburdur.

Kənan Novruzov

Sitat.info



Xəbər xətti