"Məscidlərin bağlanması, icma qeydiyyatlarında problemlər..." - Radikalizm bu səbəblərdən yayılır

15:22 8 Aprel 2022

Uzun müddət cəmiyyətdə dini radikalizm mövzusu müzakirə olunub. Müxtəlif radikal cərəyan nümayəndələrinin artması ilə yanaşı, dindarları cəmiyyətdən ayırmaq cəhdləri müşahidə olunub. Problemin həlli ilə bağlı danışan ekspertlər isə hesab edirlər ki, mühüm məsələ cəmiyyətdəki bu sosial qruplar arasında ünsiyyətin qurulmasıdır. 

Siyasi şərhçi, Ağ Partiya başqanının ideoloji işlər üzrə müşaviri Azər Hüseynov mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlamasında bildirdi ki, radikalizmin artması bir neçə səbəblə bağlıdır: "Bunun bir qismi dindarlar daxilində cərəyan proseslərdir, bir qismi isə dini siyasət problemləri ilə bağlıdır. Dindarla birbaşa ünsiyyətin qurulması, onun cəmiyyət daxilində hüquqi müstəvidə sivil özünüifadə imkanları artırılmalıdır".

A.Hüseynovun sözlərinə görə, dini radikalizmi önləmək istəyiriksə müvafiq qurumlar real dindarla körpü qurmalıdır: "Məlum 5-ci kalonun ayaq açdığı dövrlərdə məscidlərin bağlanması, icma qeydiyyatlarında problemlərin yaradılması radikalizmə az səbəb olmadı. İkinci bir məsələ dindarların daxili ilə bağlıdır. Dindar da cəmiyyətin üzvüdür. Ümumtəhsil problemləri, eləcə də ictimai siyasi savadlılıq kimi ümumictimai problemlər onun da alqılamasına təsir edir. Belə olan təqdirdə marjinallaşma meyilləri əmələ gəlir".

Bəs necə etməli?

Ekspert hesab edir ki, cəmiyyətdə qloballizmin gətirdiyi kimliksizləşmə təhlükəsinin qarşısı necə alınmalıdır:  "Mən təklif edərdim ki, ictimai nüfuzlu din xadimlərindən ibarət işçi qrupları qurulsun. Onların televiziyalara, mediaya çıxışı asanlaşdırılsın. Dini qurumlarla iş üzrə məmurlar və bu insanlar arasında ictimai əxlaqi yüksəliş platforması qurulsun. Dindar və məmur arasında münasibətlər quru normativ deyil effektiv və xoşgörülü olsun".

Səid İsaoğlu

SİTAT.İNFO



Xəbər xətti