Rusiya ilə Ukrayna arasında müharibə başlayanda elə bir fikir var idi ki, Rusiya xalqı müharibəyə görə Putinə etiraz edəcək. Düşünürdülər ki, xalq küçələrə çıxacaq, Putini hakimiyyətdən salacaq və sair. lakin bu baş vermədi. Kiçik etirazları istisna etsək hətta rəy sorğularında Putinin nüfuzunun artdığını deyənlər də var.
Bəs görəsən, səbəb nədir ? Rusiya xalqı az qala 20 minə çatan itkinin hesabını niyə sormur?
Bu sualı SİTAT.İNFO-ya açıqlamasında cavablandıran Ağ Patiya sözçüsü Cavanşir Abbaslının bildirdi ki, müharibənin başlandığı ilk günlərdə belə bir ehtimal var idi: "Hətta 24 fevral tarixindən öncəki günlərdə də rus xalqının savaşa qarşı çıxacağı bildirilirdi. Müəyyən mənada bir sıra Rusiya şəhərlərində etiraz aksiyalarının şahidi olduq. Amma bu etirazlar xalqın bir faizini belə təşkil etmədi. Əslində bu həm də gözlənilən idi. Çünki rus xalqı "bir çubuşum olsun, amma imperiya quran xalq olum" düşüncəsi ilə tarix boyunca yaşayıb, kökü bu düşüncədə olan xalqdan bundan artıq nəsə gözləmək də olmazdı".
C.Abbaslı vurğuladı ki, Putinin reytinqinin açıqlanan itkilərin sayının kifayət qədər çox olmasına baxmayaraq, günbəgün artması da bundan qaynaqlanır: " Düşünürəm ki, bu proseslər davamlı olacaq. Arzulayaq ki, Putin Ukraynada cüzi olsa belə uğur qazanmasın, lakin qazanarsa iqtidarını uzun illər boyu qarantiya almış olacaq, itkilərin sayı nə qədər olsa da...".
Partiya sözçüsü bir məsələyə də xüsusi toxundu: "Bir məsələni də vurğulamağı vacib bilirəm. Müharibə getdiyi günlərdə rus müxalifətinin lideri Navalnı 9 il həbs cəzası aldı. Buna kütləvi etiraz edən kütlə gördükmü? Halbuki, ona Putin hakimiyyətinin cəza kəsməsinin çətin olduğu öncədən deyilirdi. Amma gördüyünüz kimi, ona verilən 9 illik cəza gündəm belə olmadı. Nəyə görə? Çünki rus xalqının başı Ukraynada apardığı işğalçı müharibəyə qarışıb. Hətta tarixdə görünməmiş həddə Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyalarla günü-gündən yaşayış durumu ağırlaşan Rusiya xalqının buna etiraz edəcəyi söylənilirdi. Amma 45 günə yaxındır ki, bu yöndə bir aksiyanın şahidiyikmi? Xeyr. Düzdür, burada Rusiyadakı avtoritar rejimin mövcudluğu da müəyyən qədər rol oynayır, amma bu əsas səbəb sayıla bilməz. Bu baxımdan düşünürəm ki, Ukraynada müharibə davam etdiyi sürəcdə rus xalqının "müharibəyə yox" şüarları ilə kütləvi aksiyalarına şahidlik etməyəcəyik. Etirazlar olacaq, amma bu, bütün ölkəni əhatə etməyəcək. Könül istərdi ki, illərdir bütün dünyanın cəzalandıra bilmədiyi Putini öz xalqı məhkum etsin. Amma təəssüflər olsun ki, onu güclü, qaniçən lider edən əsas səbəblərindən biri də bu xalqıdır...".
Səid İsaoğlu,
SİTAT.İNFO