Mikrosahibkarlara vergi güzəşti: İqtisadçı qərarı görün necə izah etdi...

14:54 25 Dekabr 2023

"Bu hökumət keçən il bank depozitlərindən gəlirə 10%-lik vergi tədbiq edəndə dəfələrlə yazdıq, efirlərdə danışdıq ki, yanlış və mənasız addımdır, büdcəyə daxilolmalar cüzi artacaq, amma kiçik həcmli depozitləri insanlar banklardan çəkəcək. Banklara, zatən zədəli olan güvən bir az da zəifləyəcək. Dinləmədilər, öz bildiklərini “oxudular”. Cəmi 1 il keçdi, indi biz deyənə gəldilər və depozitlərdən tutulan vergini, demək olar ki, ləğv etdilər".

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

O bildirib ki, bu ilin sonunda hökumətin yenə tərs damarı tutdu, çox məzmunsuz qərarla mikrosahibkarlara sahibkarlıq fəaliyyətindən əldə etdi gəlirdən 20% vergi tutmaq istəyir: "İndiyədək vergi oranı 5% idi. Yenə onlarla müsahibə, açıqlama verdik ki, etməyin-eləməyin çox mənasız qərardır, büdcəyə bir xeyri olmayacaq, amma minlərlə mikrosahibkarı incik salacaqsız, ciblərinə girəcəksiz, onlar da məcburən “boz sxemlər” axtarmağa başlayacaqlar – sonda, bu sahədən daxil olan vergilər artmaqdansa, azalacaq. Yaxşı, büdcəyə xeyri hissedilməz dərəcədə azdırsa, nədən bu addımı atırlar?! Deyim, iqtisadi komanda o qədər bacarıqsız işlər görür ki, iqtisadi aktivlik zəifləyib, ÜDM cəmi 0,8% artıb, bu MDB-də ən aşağı göstəricidir. İqtisadi aktivlik azalanda, zəifləyəndə, təbii ki, yeni iş yerləri də az yaranır. Amma bu komanda rəqəmlərlə “rəqs etməyi” yaxşı bacarır, Prezidentdə, “yeni iş yerləri yaratdıq”, demək üçün mikrosahibkarlara deyirlər ki, əgər gəlir vergisini 5% ödəmək istəyirsənsə, 3 nəfər işçi götür. Yəni, sahibkar öz qohum-tanışından 3 nəfər minimum əmək haqqı ilə işçi rəsmiləşdirə bilər, işçilərin DSMF ödənişləri ödəyəcəyi 15% daha çox vergidən az olacaqsa, sahibkar buna gedə bilər, yəni, formal olaraq kağız üzərində 3 iş yeri yarana bilər, iqtisadi komanda da bu kağız üzərindəki iş yerlərini təqdim edərək, “görürsünüz, biz işləyirik, ölkədə flan qədər iş yeri yaratdıq”, demək istəyirlər. Məqsəd, sadəcə budur, çünki bu təklifi verən İqtisadiyyat nazirliyində kifayət qədər savadlı insanlar var, özləri də bilir ki, vergini 5%-dən 20%-ə artırsalar büdcəyə daxilolmalar qəpik-quruş artacaq, hətta artmayacaq, azalacaq, çünki “boz sxemlər” işə düşəcək".

N.Cəfərli vurğuladı ki, deməli bu təklifi gözə kül üfürmək, kağız üzərində iş yerləri yaratmaq, bir də iş adamlarını “boz sxemlərə” sövq edərək sonra yoxlamalar zamanı onlardan nəsə qoparmaq üçün etdilər: "Çox güman, gələn il bu mənasız qərarı da ləğv edəcəklər, amma 1 il sahibkarlara əziyyət verəcəklər...". 

Nərgiz,

Sitat.info



Xəbər xətti