"Ölkənin regionlarında bir neçə hava limanı tikilib-istifadəyə verilib, hələ bir neçə hava limanı da işğaldan azad olunan torpaqlarımızda tikiləcək. Regionlarda olan hava limanları ağır yük kimi büdcənin çiynindədir, işlədə bilmirlər, başqalarına da işlətməyə vermirlər".
Sitat.info xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, Lənkəran Hava limanının tikilməsinə 51 mln. dollar xərcləmişdi, yəni indiki məzənnə ilə 86,7 mln. manat: "Sonradan 2 dəfə də cari təmir işləri görülüb. bu məqsədlə də 10 mln. manatdan çox vəsait xərclənmişdi, tikiləndən bəri hər il bu hava limanının saxlanmasına ildə 2-3 mln. manat xərclənilir. 2023-cü ildə Lənkəran Hava limanından cəmi 12 min sərnişin istifadə edib, günə 32 sərnişin düşür".
İqtisadçı bildirdi ki, Qəbələ Hava Limanı 85 mln. manat başa gəlib və hər il saxlanmasına 2 mln. manatdan çox vəsait xərclənilir: "2023-də bir nəfər də bu hava limanından istifadə etməyib, uçuş olmayıb, Zaqatala Hava Limanı 67,1 mln. manata başa gəlmişdi, sonra mühəndislik xətalarının aradan qaldırılmasına və yenidən təmir edilməsinə əlavə 29 mln. manat da ayrıldı. Hər il 2 mln. manat da cari xərclər üçün ayrılır, 2023-cü ildə 0 sərnişinə “xidmət edib”.
Hələ 10-12 il əvvəl regionlarda olan hava limanlarını xarici şirkətlərə icarəyə verilməsinin doğru olduğunu təklif etmişdik, o zaman məmurlar ya cavab vermirdilər, ya da bu işin mümkün olmadığını deyirdilər. İndi qalstuklu məmurlar çıxıb deyir ki, regionalrda hava limanlarını uzunmüddətli icarəyə verilməsi üçün danışıqlar aparır, buna çalışırlar".
N.Cəfərli vurğuladı ki, indi hava limanlarını icarəyə vermək istəyirlər, amma icarəyə götürmək istəyən tapa bilmirlər: "Çünki xarici şirkətlər yatırım qoymaq və işlətmək üçün QANUNLARIN zəmanətini istəyirlər, tez-tez dəyişən “oyun qaydalarından” çəkinirlər, vergi-gömrük siyasətindən qorxurlar: "Yenə illərdir dediyimiz məsələyə qayıdırıq – iqtisadiyyatı düzəltmək üçün ilk növbədə idarəetmə və məhkəmə sistemi düzəlməlidir, başqa yol yoxdur. 10-15 il itirəcəklər, sonra yenə biz deyənə gələcəklər – amma, o zaman artıq gec ola bilər".
Türkan,
Sitat.info