"Türkiyə ilə İranın münasibətləri rəqabətli və müsbət dinamika ilə müşayiət edilən əlaqələri özündə ehtiva edir. Bu iki ziddiyyətli müstəvini bir-birinə yaxınlaşdırıb daha böyük regional nəticələrə hazırlıq məqsədləri Ankara ilə Tehranın müştərək prioritetlərində öz əksini tapır".
Bu sözləri Sitat.info-ya açıqlamasında Ankara-Tehran münasibətlərini dəyərləndirən siyasi şərhçi Aqşin Kərimov deyib.
O bildirib ki, İranla Türkiyənin ikitərəfli əlaqələrinə mürəkkəb regional konyunktura təsir edir, çünki iki dövlətin hadisələrə yanaşmadakı ideoloji məntiq fərqlidir: "Hər iki ölkə din faktoru ilə xarici siyasətin müsəlman coğrafiyasına sirayətinə çalışır, lakin Türkiyənin ideoloji yanaşması İranınkından fərqlidir. Üstəgəl, strateji maraqların kontekstində də ziddiyyətli elementlər ikitərəfli münasibətlərdəki çətinlikləri vurğulayır".
A. Kərimovun sözlərinə görə, xüsusilə İranla Türkiyənin Suriya, İraqdakı qeyri-stabil vəziyyətə, Cənubi Qafqazdakı reallıqlara münasibətindəki təzadlı məqamları qeyd etmək yerinə düşər: " Lakin İranla Türkiyə bir-birlərinə qarşı kəskin ritorikalardan istifadə edəcək relsə girməkdə maraqlı deyillər. Hətta konstruktivlik üçün bir az da irəli gedərək mübahisəli fazadakı məsələləri qarşılıqlı maraqlar çərçivəsində həll etməyə çalışırlar. Qarşılıqlı strateji ehtiyacların ödənilməsi üçün düsturların axtarılması cəhdləri Azərbaycanın da maraqlarının irəliləməsinə şərait yaradacaq.
Ayna,
Sitat.info