Berlin və Parisin İrəvana ağalıq uğrunda rəqabəti: Azərbaycana qarşı addımların cavabı nə olacaq?

16:06 23 Yanvar 2024

"Fevralın 7-də keçiriləcək seçkini Azərbaycanın son 3 ildə yaratdığı regional reallığın dəyişməzliyinə vurulacaq möhür, eyni zamanda da Ermənstana dəstək adı altında dövlətimizə qarşı görünməmiş təzyiqlərinin nəticəsizliyinin yekunu kimi dəyərləndirən bəlli çevrələrin bu günlərdə hər cür təxribatlara əl atacaqları gözləniləndir. O qəbidlən olan təxribatlardan biri də və almaniyalı deputat Frank Şvabenin AŞPA-da Azərbaycanın oradakı təmsilçilərinin etimadnaməsinin təsdiqlənməməsi təklifidir. Təklifin rədd edilməməsi, baxılmaq üçün Monitorinq Komitəsinə göndərilməsi sözü gedən qurumun da Azərbaycanın öz torpaqlarını işğaldan qurtarmasını sinirə bilməyən səlibçi çoxluğun yığnağı olduğunu təsdiqləməkdən başqa bizim üçün heç bir anlam daşımır".

Bu sözləri Sitat.info-ya açıqlamasında deputat Sahib Alıyev deyib.

Deputat AŞPA-nı qərəzli və ədalətsiz münasibətdə günahlandırıb: "Söhbət o AŞPA-dan gedir ki, bir üzvünün digərinin torpaqlarını işğalına 29 il göz yumması bir yana, həmən işğalçı ölkənin keçmiş “fürer”i Robert Köçəryan orada əsl nasist çıxışı edərək azərbaycanlılarla hayların “genetik uyumsuzluq”larından dəm vuranda ona nəinki güldən ağır söz demiş, hətta alqışlamışdılar. Alqışlayan çoxluğun sırasında təbii ki, Almaniya təmsilçiləri də vardı. Yeri gəlmişkən, məhz Almaniya təmsilçisinin AŞPA-dakı bu təklifi heç də onun öz təşəbbüsü deyil və fikrimcə, burada Parislə Berlinin birgə fəaliyyətlərindən çox, aralarındakı rəqabətdən danışmaq lazımdır.

Şavabenin təklifi ona görə öz təşəbbüsü deyil ki, iki gün öncə Almaniya Bundestaqının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Mixael Rot X-də yazdığı cızmaqarasında Avropa Birliyini “Bakının İrəvana qarşı təcavüz hədələrinə” və Ermənistanın torpaq bütünlüyünün dəstəklənməsinə böyük diqqət yetirməyə çağırırdı. Yəni elə buradan onların hər iksinin eyni mərkəzdən təlimatlandırıldıqları açıq-aydın görünür".

S.Alıyev hesab edir ki, rəsmi Berlin bu məsələdə Parislə rəqabətə çaışır: "Berlinin bizim regiona yanaşmada yeritdiyi siyasətin arxasında Parisin diqtəsi yox, onunla rəqabət durduğu haqda fikrimə gəldikdə bu, təkcə Silahlı Qüvvələrini çıxmaqla Almaniyanın özünün bütün göstəriciləri ilə Fransanı kölgədə qoymasına dayanmır. Unutmaq lazım deyil ki, Almaniya da imperialist keçmişi olan bir dövlətdir. Silahlı Qüvvələrini də tez bir zamanda Fransanınkından qat-qat güclü etmək qüdrətindədir. Üstəlik, Berlin Makron Fransasının bizim regionda yeritdiyi siyasətin fiaskoya uğradığını və Ermənstanın da necə yeni boyunduruq axtarışına çıxdığını aydın görür. Görür və Almaniya rəsmilərinin rəsmi İrəvanla son zamanlar diqqət çəkən sıx ünsiyyətlərindən də bəlli olduğu kimi öz boyunduruğunu təklif edir".

Deputat vurğuladı ki, Berlindəkilərin son zamanlar yeritdikləri siyasət onların bizim regionda mövqelərinin güclənməsinə xidmət etməyəcək: "Əksinə, heç arzulamadıqları bir reallıqla üzləşə bilərlər. Ortada Fransa örnəyi var. Və yaxşı olardı ki, rotlar, horfrayterlər, şvabelər britaniyalı deputat İan Liddel-Grangerin AŞPA-dakı dünənki çıxışında Azərbaycana qarşı addımların yanlış olduğu, bunun müsbət nəticə verməyəcəyi haqda xəbərdarlığından düzgün nəticə çıxarsınlar. Çıxaracaqlarmı, bilmirəm. Amma Almaniyanın dünya hegemonluğu uğrunda savaşda Böyük Britaniyaya həmişə uduzmasının kökündə siyasətdə ikincinin birincindən qat-qat üstün olmasının durduğunu dəqiq bilirəm".

Məğrur,

Sitat.info



Xəbər xətti