"Ölkədə distanta investisiya yatıran, bununla əlaqəli infrastruktura sahib olan ən əsas ali təhsil ocağı, birmənalı olaraq UNEC-dir. Xatırlayıram ki, UNEC bu infrastruktura milyonlarla investisiya yatırıb. UNEC distant üçün vacib olan texniki-texnoloji bazaya, rəqəmsal tədris resurslarına, informasiya sistemlərinə və sertifikatlı professor-müəllim heyətinə malikdir. Lakin qurum hələlik bu təhsil xidmətini nə daxili bazar, nə də xarici bazar üçün reallaşdıra bilməyib. Yəni investisiyanın geridönüşü yoxdur. Bir neçə illər öncə UNEC xeyli cəhdlər etdi, lakin o zamanlar bu səylər uğur qazanmadı".
Bu sözləri Sitat.info-ya açıqlamasında Multimedia Mərkəzinin direktoru Osman Gündüz deyib.
O qeyd edib ki, təhsil naziri Emin Əmrullayev də UNEC-də distant infrastrukturu ilə tanış olmuşdu: "Maraqlıdır ki, məhz bundan sonra UNEC rəhbəri Ədalət Muradov distant tədrisə başlamağa hazırlıqla bağlı açıqlamalar verir. Belə qənaətə gəlmək olar ki, UNEC-də növbəti tədris ilində distant təhsil formasına icazə veriləcəyi ilə bağlı UNEC rektoru ilə elm və təhsil naziri arasında müəyyən anlaşma olub.
Əks halda rektorun yenidən bu məsələni gündəmə gətirməsi və açıqlamalar verməsi gözlənilən deyildi. Lakin ötən gün Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttərova distantla bağlı yetərincə mənfi fikirlər səsləndirib".
O.Gündüzün fikrincə, buradan belə qənaətə gəlmək olar ki, təhsil sahəsində qərar qəbul edənlərin özləri arasında bu məsələ ilə bağlı yekdil bir fikir formalaşmayıb: "Düşünürəm ki, biz bu məsələdə çox gecikmişik. Nazirliyin heç olmasa pilot qaydada distant təhsil formasına keçidə start verməsi doğru olardı. Yəni DİM və ETN gələn ilin təhsil planında UNEC və digər hazırlıqlı ali təhsil qurumları üçün ƏYANI və QIYABI ilə yanaşı, DİSTANT tədris forması üçün də qəbul kvotası müəyyən etməlidir.
Bu təhsil forması ilə təhsil alanların diplomları dövlət tərəfindən tanınmalıdır. Əslində nazirlikdə distant forma ilə bağlı hüquqi –normativ baza çoxdan hazırdı. Multimedia Mərkəzi olararq biz belə bir qaydaları Nazirliyin sifarişi ilə beynəlxalq təcrübə nəzərə alınmaqla bir neçə illər öncə hazırlayıb rəsmi olaraq təqdim etmişik. Sonralar bir neçə Universitet də bununla tanış olub".
O.Gündüz vurğuladı ki, həmin universitetlər də artıq bir-iki ixtisas üzrə distanta demək olar ki hazırdırlar: "Sadəcə Nazirlik və DİM bu istiqamətdə səylərini gücləndirməli və hökumətə bununla bağlı qaydaların təsdiqləınməsi üçün müraciətr etməlidir, səyləri gücləndirməlidir. Qanunvericilikdə bu təhsil forması nəzərdə tutulduğundan belə qaydaların təsdiqlənməsi qısa zamanda mümkün məsələdir.
Yaxud da, əgər hökumət və ya Nazirlik bu məsuliyyəti bölüşmək istəmirsə universitetlərə muxtariyyyat verməli və distant təhsilin təşkilini universitetlərə həvalə etməlidir. Ümid edirəm gələn ilin təhsil planında biz UNEC və bir neçə universitet üzrə distant təhsil formasında tələbə qəbulunu da görə biləcəyik".