Husilər kimə güzəşt edirlər: Baş verənləri səssiz izləyən kimdir?

14:45 26 Yanvar 2024

“Financial Times” dərgisində yayımlanan məqalədə Vaşinqtonun Qırmızı dənizdə qayda-qanun yaratmaq məqsəsilə Pekinlə təmasları genişləndirdiyi bildirildi. Yəməndəki husilər əvvəlkitək ticarət gəmilərinə hücum edirlər. Vaşinqtonun Pekindən istəyi odur ki, Çin husilərin himayədarı Tehrana təsir etsin. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bu məqsədlə Çin Kommunist Partiyasının beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Lyu Tsyançao ilə müzakirələr aparıb. Dövlət katibi Entoni Blinken də bu mövzunu çinli həmkarı Van Yi ilə müzakirə edib. Vaşinqton Pekindən həm də onu xahiş edib ki, Tehran Yaxın Şərqdəki gərginliyi artırmasın".

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu fikirləri Sitat.info-ya açıqlamasında deyib. 

O bildirib ki, Pekin Vaşinqtonun xahişlərini dinləsə də, ciddi addmılar atmayıb: " Husilər gəmilərə hücumları davam etdirdikləri kimi, Tehran da bildiyini edir, İran rəsmiləri və din xadimləri husilərin “doğru yolda” olduğuna dair açıqlamalar verirlər. Husilərin ticarət gəmilərinə hücumları Çinə mənfi təsir etsə də, Pekin vəziyyətin sabitləşməsi üçün Vaşinqtonun gözlədiyi addımları atmayıb. Pekin ona görə zəruri addımlar atmır ki, baş verənlər onun rəqibi ABŞ-ın regional problemlərini artırır. Pekinə də elə bu lazımdır. Pekinin strateji tərəfdaşı Kreml də Yaxın Şərqdə və Qırmızı dənizdə vəziyyətin gərginləşməsində maraqlıdır".

Politoloq qeyd edib ki, hazırda ticarət gəmiləri Qırmız dənizdən keçmik əvəzinə Afrika qitəsini dolanmağa üstünlük verirlər: "Bu isə daşınmaların qiymətini artırıb. Çünki gəmilər qısa yol əvəzinə uzun yolu seçməklə ünvana gec çatırlar ki, bu dünyada yanacaq və ərzaq qiymətlərinə mənfi təsir edir. Husilərin hücumları nəticəsində Süveyş kanalından tranzit ötən ilin eyni dövrü ilə müqayisədə 37 faiz azalıb. Bu isə Misirin gəlirlərini azaldıb".

E.Şahinoğlu qeyd edir ki, bu arada, ABŞ və Böyük Britaniya Yəməndə husilərin mövqelərinə zərbə vurmaqda davam edirlər: " Ancaq bu zərbələrin faydası azdır, çünki husilər geri çəkilmirlər. Bir sıra dövlət, o cümlədən Qırmızı dənizdəki hazırki vəziyyətdən əziyyət çəkən Çin ABŞ və Böyük Britaniyanın Yəmənə hava zərbələrini pisləyən bəyanatlar yayıb. Əlbəttə, Pekin Qırmızı dənizdə ticarət gəmilərinə hücumların əleyhinədir, ancaq Pekin buna görə Tehran və Yəmənə təzyiq etmək fikrində də deyil. Pekin üçün önəmli olan husilərin Çinə məxsus gəmilərə hücum etməməsidir. Tehranın bu barədə husilərlə razılığı var. Husilər Çin və Rusiya gəmilərini hədəf seçmirlər. Bu Çin üçün yetərlidir. “Bloomberg” agentliyinin məlumatına görə, husilərin Çin gəmilərinə hücum etmədiyini müşahidə edən digər gəmilər Qırmız dənizi keçərkən Çin bayrağını qaldırmağa həvəslidirlər ki, onlara da toxunulmasın".

Nərgiz,

Sitat.info



Xəbər xətti