"İran müxtəlif ölkələrdə ona bağlı olan qrupları həm maliyyələşdirir və silahlandırır, həm də əmrlər verir. Bu təbiidir, pulu verən musiqini də sifariş verir. Buna baxmayaraq, İrandan pul və silah alan qrupların bir sıra hallarda Tehranı xəbərdar etmədən müstəqil qərarlar verməsi də mümkündürmü? Misal üçün ABŞ-ın İordaniyadakı hərbi bazasına hücum olub və amerikalı hərbçilər arasında ölənlər var. Vaşinqton buna seyrçi qalmayacaq. ABŞ prezidenti Cozef Bayden İranı cəzalandıracağını açıqlayıb. Ağ Ev İrana qarşı gizli əməliyyat keçirmək imkanları nəzərdən keçirir".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, İranda bu yaxınlarda güclü partlayış nəticəsində xeyli ölən oldu: "İran buna cavab olaraq İraq və Pakistan ərazilərinə zərbələr endirdi və bu Tehranın qonşu ölkələrlə münasibətlərində əlavə gərginlik yaratdı.Tehranın bu vəziyyətdə nəzarətindəki silahlı qrupları ABŞ hərbi bazasına hücuma həvəsləndirmək nəyinə lazım idi? Axı Tehran məntiqlə ABŞ-la əlavə gərginlikdən çəkinməlidir, çünki İrandakı dairələr cavabın necə və hansı formada olacağını müəyyənləşdirə bilməzlər".
Politoloqun fikrincə, hazırda İran hökumətinin addımları məntiqəuyğun görünmür: "Ancaq İranda qərar verən müxtəlif mərkəzlərin məntiqi olsaydı, Yəməndəki husiləri Qırmızı dənizdə ticarət gəmilərinə hücumlara həvəsləndirən dəstək açıqlamaları verməzdilər, qonşu Azərbaycanla münasibətləri normallaşdırmaq üçün zəruri addımlar atardılar. Bu baxımdan ABŞ-ın Yaxın Şərqdəki hərbi bazasına hücumun da arxasında eyni “məntiq” dayanır".
Nərgiz,
Sitat.info