"Qərbin Ukraynanı silahlandırması həm Rusiyanı danışıqlarda güzəştə məcbur etmək məqsədi daşıyır, həm də bu, münaqişədə yeni istiqamətlər yaratmağı hədəfləyir".
Bu fikri SİTAT.İNFO-ya açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib.
Onun sözlərinə görə, Qərb bilir ki, Ukraynada müharibə bitsə belə, Rusiya özünün ambisiyalarından əl çəkməyəcək: "Ona görə də, yeni istiqamətləri məhz Moskvaya qarşı formalaşdırır. Rusiya öz qoşunlarını Kiyev, Çerniqov və Sumıdan çıxarıb, bu istiqamətlərə yenidən hücum üçün toparlanmaq lazımdır. Yəni bu zonaya hücum nəzəri xarakter daşıyır. Faktiki olan isə Rusiyanın Mariupoldakı israrıdır, işğal etdiyi İzyum şəhərindən isə yeni cığırlar açmaq istəyir".
A.Kərimov vurğuladı ki, Rusiya Donetsk və Luqanskda irəliləyə bilmir, Xarkovda isə İzyumdakı işğalın sərhədlərini genişləndirmək üçün əlavə qüvvə toplayır: "Xersonda da vəziyyət Ukraynanın xeyrinə deyil. Qərb istənilən ssenariyə hazırlıq görür, çünki müharibənin Avropaya sıçraması ehtimalları mövcuddur. Buna görə də, Qərb Ukraynada strateji müdafiə zolağı yaratmalıdır və bu hədəfinə doğru addımlayır".
Siyasi şərhçi onu da diqqətə çatdırdı ki, Britaniyanın Ukraynanı gəmi əleyhinə raketlərlə slahlandırması isə Rusiya donanmasına təhdiddir: "Bu təhdidə cavablar isə vəziyyəti ağırlaşdıra bilər. Bu məntiqdən çıxarış etsək, bəli, “daha böyük qırğın qarşıdadır” deyə bilərik, söhbət heç də münaqişənin eyni coğrafiya davam etməsindən getmir".
Nərgiz,
SİTAT.İNFO