Məlum olduğu kimi, ana südü olmadıqda, valideynlərin ilk 6 ayda övladını böyütmək üçün süni qida verməkdən başqa çarəsi yoxdur. İstər varlı, istərsə də kasıb ailələr çox ciddi məbləğ xərcləyərək , əlavə qidaya keçənə qədər körpələrə süni qida verirlər. Hazırda bütün ailələr bu uşaq yeməklərinin bahalığından şikayətçidir. 3-4 aylıq uşağın həftədə 2 qutu yediyi bu qutunun qiyməti markadan asılı olaraq 15 -85 manat arasında dəyişir. Nisbətən orta qiymətə satılan "Friso" markasının bu uşaq yeməyi bu günə qədər 30 manata olsa da, bu gün 35.50 manata təklif olunub.
Bu barədə jurnalist Xatun Etibarqızı sosial şəbəkədə yazıb. O qeyd edib ki, ötən həftəyə kimi 30 manata aldıqları qutu birdən- birə 5,50 manat bahalaşıb: "Uşaq pulu vermə, analara lazım olan hər şeyin qiymətini çıxart kəllə-çarxa. Nə edək, gələcəyin əsgərini xəstə böyüdək? Vətəni, dövləti qorumağa sağlam əsgər lazım deyil sizə?".
Qeyd edək ki, əsas problemlərdən biri də bu uşaq yeməklərinin ölkədə istehsal olunmamasıdır. Beləliklə, xarici risklər zamanı bahalaşan məhsullardan biri də körpələrin yeməkləridir. Bunu almağa imkanı olmayan valideynlər mcbur qalıb uşağa inək, keçi südü və sair verir ki, bu da uşağın sağlamlığına ciddi mənfi təsir göstərir.
Nərmin,
SİTAT.İNFO