"Dövlət başçısı İlham Əliyev indiyədək dəfələrlə bildirmişdi ki, Minsk Qrupunun fəaliyyəti səmərəli deyil. Biz onların turistik səfərlərindən bezmişdik. İndi isə artıq bütün dünya başa düşür ki, sözügedən təşkilat faktiki olaraq effektsizdir. Minsk Qrupunun ləğvi hər şeydən əvvəl Azərbaycanın uzun müddət ərzində davam edən iddialarının əsaslı olduğunu göstərir".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.
Onun sözlərinə görə, digər tərəfdən, bu, bizim maraqlarımıza cavab verir: "Çünki ötən 30 il ərzində həmin qurumun "nəyə qadir olduğunu" gördük. Keçmiş Minsk Qrupunun yeganə məqsədinin prosesləri uzatmaq olduğu hər kəsə məlumdur. İndi isə öz işimizi özümüz görəcəyik. Necə deyərlər, ayağımıza dolaşan olmayacaq".
K.Novruzov hesab edir ki, artıq Qərb və Rusiyanın münaqişənin həlli istiqamətində eyni mövqedən çıxış edəcəkləri isə ağlabatan deyil: "Ən azından yaxın gələcək üçün. Doğrudur, hər iki prosesin uzanmasında maraqlıdır. Bəlkə də, əvvələr olsa onlar maraqlarını uzlaşdıra bilərdilər. İndi Ukraynadakı müharibə isə Kremllə Qərb arasında gərginliyi daha da artırıb. Qərb Rusiyanı sıxışdırmaqda israrlıdır. Moskva isə hələlik müqavimət göstərə bilir. Bu, bizim maraqlarımıza uyğundur".
Siyasi şərhçi vurğuladı ki, onlar arasında gərginlik nə qədər çox olsa, bizim üçün manevr imkanları bir o qədər artar: "Bu mənada həm Minsk Qrupunun ləğvi, həm Rusiya və Qərbin eyni mövqedə olmamaları maraqlarımıza tam uyğundur. Beləliklə, regiondakı reallıqları Azərbaycanın diktə etməsi, həmçinin İrəvanla Ankara arasında diplomatik münasibətlərin bərpası üçün daha yaxşı şərait yaranacaq".
Nərgiz,
SİTAT.İNFO