Laçın dəhlizinin bağlanması qaçılmazdır: "Elə məqam seçməliyik ki..."

11:56 12 Aprel 2022

Azərbaycan və Ermənistan liderləri arasında aparılan danışıqlar Qarabağdakı vəziyyətin stabilləşməsi baxımından faydalı qiymətləndirilsə də, bir çox problemlər hələ də həllini tapmır. 
Onlardan ən önəmlisi Qarabağ ermənilərinin Ermənistanla əlaqələrini təmin etmək üçün açıq saxlanılan Laçın dəhlizidir. Bu dəhliz humanitar məqsədlə açılsa da, həm Rusiya, həm Ermənistan, həm də Qarabağdakı qondarma separatçı rejim buradan öz məqsədləri üçün istifadə edir. Hətta İrəvan gizli şəkildə Qarabağa silahlılar gətirir. Azərbaycan hökuməti bu yolu müşahidə altında saxladığını bəyan etsə də, prosesə müdaxilə edilmir. 

Belə olan halda Laçın dəhlizi daha nə qədər açıq qalacaq? 

Bu sualla bağlı SİTAT.İNFO-ya açıqlama verən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi ki, Laçın dəhlizi regionun "Axilles dabanı" olaraq qalır:

"Danışıqlar gedir, etirazlar bildirilir, amma hələ də nəticəsi yoxdur. Hər kəs üçün aydındır ki, Laçın dəhlizi ermənilər və ruslar üçün təxribat mənbəyidir. Ora bağlanarsa , onların oyun və təxribatlarına imkan qalmayacaq. Ona görə də bu dəhlizdən bərk yapışıblar". 

 A.Nağı onu da vurğuladı ki, Azərbaycanda hər kəs bu dəhlizin bağlanmasının və ya bizim nəzarətimizə keçməsinin vacibliyini bilir: " Görünür hakimiyyət də bunu bilir ,və bu istiqamətdə addım atmaq üçün uyğun məqam gözləyir".

QAT sədrinin sözlərinə görə, əgər belə bir addım atılsa, ən böyük reaksiya gözlənildiyi kimi Rusiyadan gələcək: "Amma Qərb də erməniləri müdafiə etmək üçün fürsəti əldən verməyəcək. Ona görə də bu addımı atmaq üçün uyğun və əlverişli vaxt seçilməlidir. Elə məqam seçməliyik ki, etiraz etməyə, reaksiya verməyə heç kəsin imkanı olmasın". 

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti