İqtisadçı ekspert: "Hökumət israrlı şəkildə təşviq siyasətini tətbiq etməlidir"

16:14 12 Fevral 2024

Son günlər sosial şəbəkələrdə soğan istehsalı ilə məşğul olan fermerlərdən birinin mövsümündə əldə etdiyi məhsulu qışa saxladığı və vaxtında sata bilmədiyi üçün tonlarla məhsulun istifadəyə yararsız hala düşdüyünü əks etdirən görüntülər yayılıb. Video cəmiyyətdə müzakirələrə səbəb olub. Bəs nə üçün fermerlər məhsulu vaxtında, əlverişli qiymətə sata, ölkədən ixrac edə bilmirlər? 

Mövzu ilə bağlı Sitat.info-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, bu, uzun illərdir Azərbaycanda ciddi problemdir: 

"Uzun illərdir "Tarladan Süfrəyə" konsepsiyası elan olunsa da nə Kənd Təsərrüfatı Nazirliyi nə də digər əlaqədar icra orqanları bunu həyata keçirə bilmirlər. Vətəndaş da bundan əziyyət çəkir. Kiçik fermerlərin bazara birbaşa çıxışı məhduddur. Çünki onların istehsal etdiyi məhsulun həcmi də məhduddur. Yol, qalmaq və s. kimi xərcləri də nəzərə alsaq, kiçik fermerlərim məhsulu bazara çıxarmaqları onlar üçün elə də sərfəli deyil". 

Ekspert deyib ki, elə bir sistem qurulmalıdır ki, fermerlərin məhsulu təhvil verib ödənişlərini də həmin anda ala biləcəkləri şəbəkələr mövcud olsun: 

"Bunun üçün də ən yaxşı yol hökumətin təşviq siyasəti ilə böyük ticarət şəbəkələrinin vətəndaşlarla birbaşa əlaqəsini təmin etmək və müqavilə bağlanmasıdır. Hökümət israrlı şəkildə təşviq siyasətini tətbiq etməli və həmin böyük ticarət şəbəkələri femrerlərlə müqavilələr imzalanmalı, onlar üçün güzəştlər nəzərdə tutmalıdır.  Hətta fermerlərin məhsulları Bakıya gətirməklərinə belə ehtiyac yoxdur, çünki böyük şəbəkə mağazalarının hər birinin bölgələrdə bir neçə mağazaları mövcuddur".

Natiq Cəfərli qeyd edib ki, bu, həlli çox asan olan bir məsələdir. Sadəcə olaraq sistemli işlər aparılmalıdır.

 

Türkan

Sitat.info



Xəbər xətti