Ermənistanın Azərbaycandan rəsmi xahişləri olacaq: "Zəngəzur dəhlizinin açılmasına İrəvan özü can atır"

13:29 12 Aprel 2022

"Zəngəzur dəhlizi Azərbaycan və ümumiyyətlə, Cənubi Qafqaz üçün olduqca önəmli nəqliyyat-kommunikasiya xəttidir. Ermənistanda da bunu tam dəqiqliyi ilə bilirlər. Ona görə də, Paşinyan hakimiyyəti uzun müddət Zəngəzur dəhlizini rəsmi Bakı ilə "siyasi bazarlıq" predmetinə çevirməyə çalışdı. Bu məsələ ilə bağlı müzakirələrin yeni başlandığı vaxtlarda Ermənistan hətta Zəngəzur dəhlizinin çəkilməsinə imkan verməyəcəyini belə, bəyan edirdi. Yəni, rəsmi İrəvan bu dəhlizin önəmini Azərbaycana qarşı təzyiq faktoru kimi istifadə etməyə çalışırdı".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. 

Onun sözlərinə görə, rəsmi Bakı Ermənistana belə bir imkan vermədi: "Azərbaycanın atdığı bir neçə strateji addım rəsmi İrəvanın Zəngəzur dəhlizi mövzusunu təzyiq və ya "siyasi bazarlıq" predmetinə çevirmək niyyətinlərini boşa çıxartdı. Belə ki, rəsmi Bakı Azərbaycan və İran arasında imzalanmış müqavilə ilə Zəngəzur dəhlizinə alternativ variantın işə salınma perspektivini təmin etdi. Yəni, İranla müqavilə Azərbaycana Ermənistan və Rusiyanın nəzarətindən kənar yeni və alternativ marşruta sahib olmaq imkanları açıb. Bununla da, Zəngəzur dəhlizi ilə bağlı məsələ həm Ermənistanın, həm də Rusiyanın Azərbaycana qarşı geopolitik manipulyasiya faktorları arasından çıxarılmış oldu".

E. Xalidbəyli vurğuladı ki, indi bu məsələ ilə bağlı vəziyyət ciddi şəkildə dəyişib: "Hazırda rəsmi İrəvan Zəngəzur dəhlizinin Ermənistan üçün böyük iqtisadi əhəmiyyət daşıdığını da anlamağa başlayıb. Ona görə də, indi artıq rəsmi Bakı deyil, məhz Paşinyan hakimiyyəti Zəngəzur dəhlizinin çəkilməsində maraqlı olduğunu qabartmağa çalışır. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, rəsmi İrəvan Azərbaycanın Zəngəzur dəhlizinin açılmasında nə qədər israrlı olduğunu hələ də müəyyən edə bilməyib. Erməni baş nazir onu da vurğulayıb ki, əgər, rəsmi Bakı Zəngəzur dəhlizinin inşasında hələ də maraqlıdırsa, Ermənistan bu layihənin öz ərazisinə aid hissəsini icra etməyə hazırdır".

Siyasi şərhçinin fikrincə,  daha bir regional layihədən kənarda qalmaq təhlükəsi ilə üzləşən rəsmi İrəvan indi özü Zəngəzur dəhlizinin çəkilməsinə can atır: "Böyük ehtimalla bundan sonra Zəngəzur dəhlizi ilə bağlı mövzu əsasən Ermənistanın Azərbaycandan rəsmi xahişləri çərçivəsində gündəmə gəlməkdə davam edəcək. Bu dəhlizin çəkilməsi isə yalnız rəsmi Bakının bütün tələb və şərtlərinin Paşinyan hakimiyyəti tərəfindən qeyd-şərtsiz qəbul ediləcəyi təqdirdə, mümkün ola bilər".



Xəbər xətti